“Kütləvi toplaşma əhalini təhlükə ilə üz-üzə qoya bilər”

“Hər bir vətəndaş bu məsələyə xüsusi həssaslıqla yanaşıb, dövlətin qərarlarına hörmət etməlidir”


"Azərbaycan əsrlər boyu müsəlman intibahında İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi mühüm rol oynayan və bu gün də İslam dünyası ilə sıx əlaqədə olaraq ön cəbhədə duran dövlətlərdən biridir. Xalqımızın milli, dini və tarixi irsində İslam dini dəyərləri müstəsna rol oynayıb. Sülh, qardaşlıq dini olan İslam dini dəyərlərinin xalqımızın milli-mənəvi dəyərlər sisteminə daxil olması nəticəsində ölkəmiz humanitar və mədəniyyətlərarası dialoq məkanına çevrilib". 


Bu sözləri "Sherg.az"a Bakı İslam Universitetinin kafedra müdiri, Siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski deyib. 

Onun sözlərinə görə, Azərbaycan müsəlman dünyasında dünyəvi dövlətin bənzərsiz bir modeli olmaqla İslam həmrəyliyi və müsəlman ölkələri arasında birliyin əldə edilməsi proseslərində də daim iştirak etməyə çalışıb:

 "Tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə olsa da, İslam dini dəyərlərinin üstünlük təşkil etdiyi bir məkandır. Ölkəmizdə heç zaman dini zəmində bir qarşıdurma olmamış, dini və mənəvi irs elm və dinin vəhdəti əsasında inkişaf edib. Bu ənənə bu gün də davam etməkdədir. İrqindən, dinindən, millətindən, sosial vəziyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları dostluq və qardaşlıq şəraitində yaşayırlar.

Müxtəlif dini konfessiya nümayəndələri həm məscidlər, həm sinaqoq və kilsələrdə rahat şəkildə ibadət edərək öz ayinlərini həyata keçirirlər. Hər bir xalqın adət-ənənələri onun mənsub olduğu dinlə sıx bağlıdır.

Ölkəmizdə də İslam dini ilə bağlı mərasimlər əsrlər boyu formalaşmış və bütün illərdə xalqımız tərəfindən həyata keçirilib. Bildiyiniz kimi, artıq İslam dünyasında mühüm bir əhəmiyyətə malik olan Məhərrəm ayına qədəm qoymuşuq. Məhərrəm ayı, əsasən bu ayın onuncu - Aşura günü Azərbaycan müsəlmanları tərəfindən hər il xüsusi olaraq qeyd edilir.

Bu gün, İslam tarixinə İmam Hüseyn (ə) şəhadətə yetişdiyi gün kimi daxil olub. Aşura mərasimi İslam dininin qorunmasında öz tarixi əhəmiyyətini daşımaqla yanaşı, eyni zamanda, fədakarlıq və şücaət məktəbi kimi qiymətləndirilir. Ümumilikdə İslam tarixində xüsusi yeri olan Kərbəla hadisəsini həm də dinimizin yenidən oyanışı adlandırmaq olar.

Çünki həmin dövrdə İslama kölgə salan və həqiqi İslamdan uzaqlaşan hallar mövcud idi. İmam Hüseyn (ə) və onun tərəfdarlarının haqq uğrunda mübarizəyə qalxması, göstərilən rəşadət və əzəmət inkarolunmaz bir həqiqətdir.

Bu baxımdan artıq illərdir ki, istər Bakıda, istərsə də regionlarda Tasua və Aşura günlərində xalqımız tərəfindən dini ayinlər, kütləvi mərasimlər təşkil olunur, məscidlərdə kütləvi ibadətlər edilir. Lakin bu il mənzərə tamamilə fərqlidir".

 Artıq uzun zamandır bəşəriyyətin yeni növ koronavirus pandemiyası ilə mübarizə apardığını vurğulayan E.Talışınski minlərlə insanın  bu virusdan dünyasını dəyişdiyini xatırladıb və qeyd edib ki, təhlükə hələ də səngiməyib: 

"Məlum virusun Azərbaycanda yayılması ilə dövlətimiz tərəfindən dərhal qabaqlayıcı tədbirlər həyata keçirilsə də, vəziyyətin ciddiliyini nəzərə alaraq, karantin rejiminin tətbiq edilməsi qərara alındı.

Təəssüf ki, bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirus təhlükəsi hələ də mövcuddur. Bu səbəbdən müvafiq qurumlar tərəfindən artıq Aşura günü dini mərasimlərdə iştirakın və kütləviliyə yol verilməsinin vətəndaşların sağlamlığına təhlükə yaradacağı ilə bağlı müraciət edilmişdir.

Hər bir dövlətin üzərinə düşən əsas vəzifə məhz əhalisinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsidir. Bundan başqa mütəxəssislər tərəfindən tövsiyə edilmişdir ki, kütləvi formada dini ayınlərin həyata keçirməsi virusa yoluxma sayını artıra və əhalini yeni təhlükələrlə üz-üzə qoya bilər.

Hər bir vətəndaş bu məsələyə xüsusi həssaslıqla və məsuliyyətlə yanaşaraq, dövlətimizin verdiyi qərarlara hörmət etməlidir.

Düşünürəm ki, bu il evimizdə ibadət etməklə həm özümüzün, həm də ailə üzvlərimizin sağlamlığını qorumalıyıq. Çünki sağlamlığın qorunması, İslam dininin mühafizə olunmasını istədiyi beş qayədən biridir. Belə ki, xəstəlikdən qorunmaq, sağlam həyat tərzi sürməyə çalışmağın özü də dini bir vəzifədir.

Hər şey sağlam olmaqdan asılıdır. Unutmayaq ki, hər bir müsəlman təkcə bir ay deyil, bütün ömrü boyunca İmam Hüseyn (ə) eşqini həm qəlbində, həm də əməlində yaşatmalıdır".