Sərt karantin rejimi dünya ölkələrinə hər ay 375 milyard ziyan vurur
Ona görə ÜST karantinlə bağlı qərarları dövlətlərin öz öhdəliyinə buraxıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyaya müraciət edərək, yeni koronavirus infeksiyasına görə daha karantin tətbiq etməməyə çağırıb. Daha əvvəl isə bunun əksini tələb edirdilər. Təşkilatın baş epidemioloqu Maria van Kerkxov ikinci və sonrakı COVİD-19 dalğalarında karantinin yolverilməz olduğunu bəyan edib:
“Demə, karantinin iqtisadi nəticələri dəhşətli dərəcədə çoxdur və tibbi planda şərti qazancı xeyli üstələyir. İkincisi, ÜST ekspertlərinin fikrincə, pandemiya dövründə maska geyilməsi və sosial məsafəyə riayət olunması tamamilə kifayətdir”.
ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı da bənzər açıqlama ilə çıxış edib. Payız mövsümündə koronavirus pandemiyası ilə bağlı yoluxmaların artacağını iddia edən H.Harmancı əlavə edib ki, ÜST bu günə qədər araşdırdığı məqamları yenidən gözdən keçirəcək. Artıq ölkənin sərt karantin rejiminə qayıtmasını tövsiyə etmir.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə "Şərq"ə açıqlamasında deyib ki, ÜST-nin sözügedən tövsiyəsi dünyada epidemioloji vəziyyətin yaxşılığa doğru getməsinin göstəricisi deyil:
"Əksinə, epidemioloji vəziyyət əvvəlki aylarla müqayisədə daha da pisləşib. May ayında gündəlik yoluxma sayı 70-80 min idi. Bu gün isə həmin rəqəm 3-4 dəfə artıb. Məsələnin kökündə iqtisadi faktorlar dayanır. Əslində ÜST-nin bu tövsiyəsi rəsmi sənədlərdə öz əksini tapmır.
Bu bəyanat ÜST əməkdaşlarının dilindən səsləndirilən ümumi fikirlərdir. Təbii ki, birdən-birə ÜST əməkdaşlarının dilindən bu cür tövsiyələrin verilməsi də əsassız deyil. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, sərt karantin rejimi dünya ölkələrinə hər ay 375 milyard dollar ziyan vurur. Bu ziyanın 12 trilyona qədər yüksəlməsi gözlənilir.
Dövlətlərin isə bu tənəzzülə tab gətirməsi qeyri-real görünür. Məhz bu səbəbdən bir çox Avropa ölkələri yumşalmaya getdi. Yəni aparıcı ölkələrdə karantin rejimlərinin ləğvi və ya yumşaldılması epidemioloji vəziyyət yox, daha çox iqtisadi faktorlarla bağlıdır. Belə ki, məhdudiyyətlər iqtisadi fəallığı dayandırır, dövlətlər bundan ciddi ziyan çəkir, gəlirlər azalır, əhalinin tələbatını ödəmək mümkün olmur. Bu isə bir çox ölkədə sosial narazılığa yol açır".
S.Məmmədovun sözlərinə görə, sərt karantinlə əlaqədar zavodların, fabriklərin bağlanması dövlət büdcəsinə ödənilən verginin miqyasına təsir edir. Bu zaman da dövlət sosial öhdəliklərini yerinə yetirə bilmir:
"Norveçin 1 trilyon Sığorta Fondu var. Yaşanan tənəzzül fonunda 4 milyonluq əhalinin sosial ehtiyaclarını qarşılamaq üçün Fond öz səhmlərinin 20 faizini satışa çıxartmalı oldu. İndi siz təsəvvür edin, Ehtiyat Fondu olmayan dövlətlərdə iqtisadi vəziyyət hansı səviyyədədir. Yaranan qlobal işsizlik fonunda kütləvi etirazlar, sosial kataklizmlər və ressesiya prosesləri başlayıb. Bunu nəzərə alan ÜST də karantinlə bağlı qərarları dövlətlərin öz öhdəliyinə buraxıb".