Çənə altına salmaq, alına qaldırmaq, sonra yenidən istifadə etmək olmaz
Bütün tibbi maskalar birdəfəlikdir, onları təkrarən istifadə etmək doğru deyil. Maskaların dezinfeksiya olunaraq yenidən istifadəsi də yanlışdır. Lakin gündəlik həyatımızda fərqli mənzərənin şahidi oluruq. Kimisi cibində, kimisi də qolunda saxladığı maskaları təkrar ağzına taxır.
Həkimlər bunun yolverilməz olduğunu desə də, bu reallığı dəyişmək mümkün deyil.
Viruslar maskada toplandığı üçün onların təkrar istifadəsini təhlükəli hesab edən həkim Qalib Əsədov da "Şərq"ə açıqlamasında qısaca olaraq deyib ki, maskanı çənə altına salmaq, alına qaldırmaq, sonra yenidən istifadə etmək olmaz. Nəfəs alırıqsa və bakteriya, viruslarla zəngin hava o maskadan keçirsə, bir müddət sonra artıq çirkli hesab edilir:
"Maskaları istifadə edəndən sonra cibə, çantaya qoymaq və sonra təkrar istifadə etmək də yanlışdır. Maskaların hamısı birdəfəlikdir, onları təkrar istifadə etmək olmaz. Hətta maskaları istifadədən sonra dezinfeksiya edib yenidən taxmaq belə tövsiyə olunmur.
Maskanı çıxararkən belə maksimum dərəcədə səthinə toxunmaqdan çəkinməliyik. İplərindən tutaraq çıxarmaq və dərhal qapalı zibil qutusuna atmaq lazımdır.
Maskanın burun, ağız və çənəni örtən hissəsinə heç bir zaman toxunulmamalıdır. Təsadüfən toxunularsa, əllər ən azı 20 saniyə su və sabunla yuyulmalı və ya spirt tərkibli məhlulla dezinfeksiya olunmalıdır".