Uşaqların beyninə hər cür mesajlar ötürülür
COVİD-19 pandemiyası ilə bağlı tətbiq edilən sosial təcrid günlərində balacaların əsas məşğuliyyəti, heç şübhəsiz, cizgi filmi izləməkdir. Telekanallarımızda nümayiş olunan cizgi filmlərinin keyfiyyəti valideynləri qane etmir. Xarici cizgi filmlərinin dublyajını bəyənməyən valideynlər, yerli uşaq filmlərinin telekanallarda yayımlanmasını daha məqsədəuyğun hesab edir. Bu halda da isə çəkilən milli cizgi filmləri müasir texniki imkanların geniş olduğu bir dövr üçün qənaətbəxş sayılmır.
Sosial şəbəkə hesabında bu məsələyə toxunan sosioloq Lalə Mehralının fikrincə, cizgi filmləri məsələsi ilk baxışda adi görünə bilər, uşaqların əyləncəsi üçün vasitə ola bilər, amma altında böyük problemlər yatan ciddi məsələdir: "Maraqlı cizgi filmləri çəkmək üçün potensialımız da var, maddi imkanımız da. Çox bacarıqlı gənclərimiz var ki, istənilən kompüter qrafikası ilə cizgi film yığsın, çox istedadlı rəssamlarımız, musiqi tərtibatçılarımız var. Əminəm ki, bu işin öhdəsindən layiqincə gələ bilərlər. Tərcümə olunan cizgi filmlərində personajların dialoqları çox bərbad haldadır. Hətta faciəvidir. Təsəvvür edin, "Günəş TV"-nin itlərlə bağlı tərcümə edib, yayımladığı cizgi filmində belə bir dialoq var:
- Bunu diyəsən zincirriyiflər ə!
- Uyyy daaa!
- Ə, gəl ə! Ev itinnən küçə iti olmuyuf, olmuyjax!
Və yaxud, ATV-dən nümayiş etdirilən bir cizgi filmi var, “Madaqaskar pinqvinləri” adlı. Pinqvinin biri o birinə deyir:
- Ay səni eşşək balası! Unitazdan su içən it oğlu!
Uşaqlar bu filmlərdən nə öyrənəcək?
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən Qadın və Uşaq Akademiyası İctimai Birliyinin sədri Sevinc Fədainin sözlərinə görə, Azərbaycan dilində çəkilən cizgi filmlərinin əksəriyyəti uşaqları özünə cəlb edə bilmir. Maraqlılıq dərəcəsi çox aşağıdır. Uşaq bir az baxandan sonra sıxılır və kanalı dəyişmək istəyir:
"Oğlum ana dilimizi daha yaxşı bilsin, söz ehtiyatı çox olsun deyə, onun Azərbaycan dilində cizgi filmlərinə baxmasını istəsəm də, sıxıcılığı baxımdan bu mənada ona israr edə bilmirəm. Bilirsiniz, istər cizgi film, istər kitab, istər film, lap balaca bir mətnin də ötürdüyü bir mesaj olmalıdır. Oxuyanda və baxanda orda qoyulan sual və verilən cavabı görməliyik.
Yoxsa izlədikcə görəndə ki, bu cizgi film sənə heç nə demir, heç nə vermir, ən azından güldürmür, həyəcanlandırmır, onda əlbəttə, ona baxmaq istəmirsən. Bir də məni istər müasir nağıllarımızda, istər cizgi filmlərimizdə ən çox narahat edən onların bayağılığı, bir boşluqdan ibarət olmasıdır.
Uşaqlar onsuz da səbrsiz olurlar, bu tipli nağıl və cizgi filmlər onları daha da soyudur. Çox vaxt özümdən yalandan mənalar uydururam ki, əslində burda belə demək istəyirdilər, bu mesajı verirdilər".
Birlik sədrinin sözlərinə görə, çıxış yolu bu işin sistemləşdirilməsindən ibarətdir. Bu işi də bilənlər etməlidir: "Hər çəkilən cizgi film, efirə, hər yazılan kitab bazara buraxılmamalıdır. Bu məsələdə senzura, nəzarət mütləqdir. Onsuz da indi televizorla yanaşı, telefon, planşet vasitəsilə uşaqlarımızın beyninə hər cür mesajlar ötürülür, onların psixologiyasına mənfi təsir edən elementlər çoxdur.
Heç olmasa, uşaqların psixologiyasını qorumaq, sağlam düşünməsini təmin etmək üçün Azərbaycan telekanalları, mütəxəssislər keyfiyyətli iş ortaya qoysunlar.
Düzdür, hələ ki, baxdığım cizgi filmlərimizdə zorakılıq elementlərinə rast gəlməmişəm, amma əminəm ki, bu da var. Çünki nağıllarımızda belə hallar var və efirə verilən cizgi filmlərinə də kimsə məsuliyyət hiss edib baxmadan yayımlayırsa, bu, qaçılmazdır. Bunun qarşısını almaq üçün də yəqin ki, müəllifin və kanalın cəzalandırılması lazımdır.
Yoxsa bu, bir adət halını alar və uşaqlarımızın beyni zəhərlənər. Azyaşlı uşaqlar hələ özləri oxuya bilmədikləri üçün kitablardakı zorakılığı təbliğ edən məqamları başqa fikirlərlə əvəz edə bilirik.
Yaxud da filmi izləyəndə bunu tam dərk etməyə bilərlər, biz başqa yozumlar verə bilərik. Ancaq uşaqların yaşı artdıqca, bizim üçün də onları bu təbliğatdan qorumaq çətin olacaq.
Ona görə də bu işi üzərinə götürənlərin daha həssas və məsuliyyətli olmaları lazımdır. Zəif psixologiyalı, anormal ailələrdə travma alan uşaqları bu tipli nağıl və cizgi filmlər birbaşa faciəyə sürükləyir. Ona görə də bu məsələyə biganə yanaşmaq olmaz".