Aylardır ki, ölkədə toy təşkil edilmir, evlənmək istəyənlər həsrətlə karantinin bitməsini gözləyirlər.
Lakin örnək istisnalar da var. Bəzi cütlüklər heç bir mərasim təşkil etmədən nikah bağlayır, evliliklərini səs-küysüz rəsmiləşdirib birgə həyata başlayır.
Siyasi şərhçi Azər Həsrətin "Sherg.az"-a açıqlamasına görə nişanlı cütlüklər virtual toy təşkil edə bilərlər.
Bu halda hər kəs olduğu yerdə internet üzərindən hadisə yerinə bağlanır, deyib-gülür, çıxışlar edir, şənlənir: "Mümkündür belə bir şey. Əsas odur kimsə cəhd etsin, məncə alınacaq. Toy edib dost-tanışı, qohum-qardaşı da öz sevincinə ortaq etmək istəyənlər paylı dəvətnamələr göndərə bilər. Daha çox kənd yerində icrası mümkün olacaq bir təklifdir. Örnək üçün, övladına toy edən şəxs bəlli bir gün qapısında heyvan kəsir, onun ətini 1-2 kq paylara ayırır, yanına da bir içki qoyub toya dəvət etdiyi şəxsə göndərir. Həmin şəxs də belə dəvətnaməni aldıqdan sonra onu gətirənin dəftərinə nəmər yazdırıb geri qaytarır. Beləliklə, toy sahibinin sevincinə hər kəs evində oturmaqla ortaq olur".
Azər Həsrətin digər təklifi isə odur ki, toy filan olmur. Sadəcə evlənənlər özlərinə söz verir ki, bəlli bir müddət, məsələn 5 ildən sonra toy edəcəklər:
"Fikrimcə karantin dövründə evlənmək istəyənlər bu nəcib işi ertələməsinlər. Nikahı rəsmiləşdirib birgə həyata başlasınlar. Aradan illər keçər, ortaq bir məclis təşkil edib sevdiklərini dəvət edərlər".