Hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir
Bütün dünya ölkələri, o cümlədən Azərbaycan koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunub. Dövlətimiz tərəfindən bu istiqamətdə ardıcıl, sistemli tədbirlər həyata keçirilir. Xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy və yas mərasimləri keçirən çoxsaylı şəxslər hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilib. Məhz bu səbəbdən bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətdə ikrah doğurub.
Sosial şəbəkələrdə sözügedən toy sahiblərini və orada iştirak edən vəzifəli şəxsləri linç edən narazı vətəndaşlar, ictimaiyyət üzvləri qeyd ediblər ki, heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və onların tələblərinə hörmətsiz yanaşa bilməz.
Məhz bu narazılıqlar və qanuni tələblər fonunda qanunu pozan şəxslərin hər biri məsuliyyətə cəlb edilərək dörd yüz manat məbləğdə cərimə edilib. Koronavirusla mübarizənin ümummilli məsələ olduğunu bildirən Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi (AAYSA) sədri Vüqar Əhmədovun "Sherg.az"a dediyi kimi heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz.
"Bu günlərdə bəzi vəzifəli şəxlərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb. Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz.
Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və qarşıdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcək. Hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq.
Bu reallığı hamı, həmçinin bəzi akademiklər də bilməli və başa düşməlidirlər ki, baş verənlərə görə mənəvi məsuliyyət daşıyırlar".