“Bu məqamda dövlətimizin yanında durmaq vətəndaş kimi hamımızın müqəddəs vəzifəsidir!"
"Vəzifəsindən asılı olmayaraq istənilən şəxsin etdiyi qanunsuz əmələ görə məsuliyyətə cəlb olunması, insanların qanun qarşısında bərabərliyinin, qanunun və hüququn aliliyinin təmin olunmasına xidmət edir. Təbii ki, hüquqi dövlətdə bu, belə də olmalıdır!".
Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Xəyal Bəşirov deyib.
Hazırda ölkədə bütün istiqamətlər üzrə kadr və institusional xarakterli islahatların getdiyini xatırladan politoloq hesab edir ki, bu prosesin məhkəmə və hüquq sistemində də gücləndirildiyini iddia ediriksə, qanunun aliliyini təmin olunmadığı təqdirdə dediklərimiz pafosdan başqa bir şey olmaz:
"Məsuliyyətə cəlb olunan həmin vəzifəli şəxslər də, qanunla ölkənin istənilən sıravi vətəndaşı ilə bərabər hüquqlara malikdirlər və kiməsə münasibətdə heç bir üstünlüyə malik deyillər. İstənilən vəzifəli şəxsin məsuliyyətə cəlb olunması üçün məhkəmə qarşısına çıxarılması əslində hər birimizin, o cümlədən də, uzun illər ərzində yüksək vəzifə daşıyan və ona xidmət göstərdiklərini iddia edənlərin də aid olduğu Azərbaycan dövlətinin nüfuzunun güclənməsinə, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə dövlətimizə və dövlətçiliyimizə inamın artmasına xidmət edir.
Uzun müddət ölkədə ictimai nəzarət çox zəif olub. Bunun səbəbləri arasında idarəetmə institutlarının ictimai rəyə reaksiyasının olmaması, məmur oliqarxiyasının mövcudluğu şəraitində bu prosesdə müxtəlif yüksək vəzifəlilərin maraqlarının üst-üstə düşməsi kimi halları qeyd etmək lazımdır".
X.Bəşirovun sözlərinə görə, hazırda bu məsələdə vəziyyətin müsbət istiqamətdə dəyişməsi ölkədə yeni idarəetmə mühitinin formalaşdırılması ilə bağlıdır:
“Bundan başqa, ictimai nəzarətin gücləndirilməsi ilə bağlı ölkə başçısının ictimaiyyətə çoxsaylı müraciətləri də effekt verməyə başlayıb. İndiki dönəmdə sosial şəbəkələrin ictimai rəyin müvafiq ünvanlara çatdırılması üçün münbit tribuna rolunu oynaması da danılmaz faktdır. Hər birimizin marağında olduğumuz və ya marağında olmalı olduğumuz, hüququn və qanunun aliliyinin təmin olunması üçün, dövlətimizin yanında durmağımız vətəndaş kimi hamımızın müqəddəs vəzifəsidir!".