Üzü payıza doğru COVİD-19 infeksiyası mutasiyaya uğrayaraq yoxa çıxacaq
Koronavirus pandemiyasının yayılma tempi son həftədə qismən zəifləyib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistik göstəriciləri yayılma tempinin aşağı düşdüyünü və əsasən bu müsbət tendensiyanın Amerika qitəsində müşahidə olunduğunu göstərib. Beynəlxalq qurumun ötən həftəyə aid hesabatında bildirilir ki, bir həftə ərzində dünya üzrə 1,7 milyon yeni yoluxma və 39 min ölüm halı qeydə alınıb. Bu isə öncəki həftə ilə müqayisədə yoluxmalarda 5, ölüm hallarında isə 12 faiz azalma deməkdir. Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizi regionları istisna olmaqla, dünyanın bütün regionlarında yoluxma hallarında azalma müşahidə olunub.
Professor Adil Qeybulla da "Sherg.az"a açıqlamasında COVİD-19-un mutasiyaya uğrayaraq mülayim formaya keçdiyini bildirib:
"ÜST açıqladığı məlumatlarda birmənalı olaraq COVİD-19-la bağlı statistikası düzgün aparılan ölkələrə istinad edir. Eyni zamanda ÜST-nin nümayəndələri olan ölkələrdə keçirilən monitorinqlərin nəticələrinə uyğun müəyyən edilir".
Koronavirus pandemiyasının yayılması ilə bağlı azalma tendensiyasının hiss olunduğunu təsdiqləyən professor bu virusun ilin sonlarına doğru mutasiyaya uğrayaraq zəifləyəcəyinə dair verilən proqnozları xatırladıb:
"Biz hələ ilin əvvəlində koronavirus yeni yayılmağa başladığı aylarda açıqlama vermişdik ki, üzü payıza doğru COVİD-19 infeksiyası mutasiyaya uğrayaraq yoxa çıxacaq. Və bu gün üçün biz artıq virusun yayılma tempinin xeyli dərəcədə zəiflədiyini hiss edirik. Virusun tərkibindəki öldürücü, xəstəliyin ağır gedişinə təsir edən maddələr tamamilə sıradan çıxmasa da, xəstəlik törətmə qabiliyyəti aşağı düşüb.
Qarşıdakı aylarda isə COVİD-19 zəifləyərək koronavirusun mülayim növlərindən birinə çevriləcək. Gələn ilin payızında isə ötən illərdə olduğu kimi koronavirusun daha sakit və mülayim növü ilə rastlaşacağıq.
Bu artıq dövri bir prosesə çevrilib. 1960-cı illərdən koronavirusun heyvanlardan insanlara keçməsi hallarına rast gəlinir. Daha dəqiq desək, ilk dəfə 1965-ci ildə soyuqdəyməsi olan xəstələrin burun yaxmasından tapılıb və heyvani bir virus olduğu müəyyən edilib.
Ümumilikdə 40 ştambı olan bu virusun 7-si insanda xəstəlik törədir. Sars, Mers və hazırkı COVİD-19 öldürücü, yerdə qalan 4 virus isə hər il mövcud olan və bizim soyuqdəymə, qrip adlandırdığımız mülayim viruslardır. Əvvəlki 3 virus isə aktiv pnevmoniya yaratdığına görə pandemiya səviyyəsinə qədər yüksəldi. Gələn il isə biz koronavirusun hər il mövcud olan 4 mülayim növündən birinin yayılmasını müşahidə edəcəyik".
İlin sonuna kimi COVİD-19-un dövriliyinin bitəcəyini qeyd edən A.Qeybulla hesab edir ki, bu müddət ərzində insanlarımız daha ehtiyatlı olmalı və virusa yoluxmamaq üçün tövsiyə edilən bütün şərtlərə əməl etməlidir. Əks halda itkilərimiz daha çox ola bilər.