"İçki düşkünü olan var, narkotikə qurşanan var, qumarda pulunu uduzub hirsini evdəkindən çıxan var"
"Öldürmək su içmək kimi asanlaşıb indi. Orta məktəb uşaqlarının cibində belə bir düymə ilə açılan kəskin bıçaqlar var"
Daha bir qadın ailə-məişət zorakılığının qurbanı olub.
Abşeron rayon sakini Şəhanə Məmmədovanın bıçaqlanaraq xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri Baba Məmmədovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Şəhanə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Baba Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı isə "Şərq”ə açıqlamasında ailədaxili zorakılıqların və qətllərin hər zaman aktual problem olaraq qaldığını deyib. Onun sözlərinə görə, bütün zorakılıqları və cinayətləri eyni arşınla ölçmək doğru deyil. Hərəsi başqa səbəblərdən baş verir. Bəzən öldürən, bəzən də ölən günahkar olur.
Günahkar məsələsinə gəldikdə isə L.Mehralı deyib ki, qadını həmişə "günah keçisi” edirlər, bu doğru deyil. Hər 10 haldan qoy 7-si qadının günahından olsun, axı kişilər də aydan arı, sudan duru deyil.
İçki düşkünü olan var, narkotikə qurşanan var, qumarda pulunu uduzub hirsini evdəkindən çıxan var: "Bəzən də qadınlar özləri hansısa uyğunsuz davranışları ilə zorakılığa rəvac verir.
Bəzi hallarda isə yuxarıda sadaladığım zərərli vərdişlər səbəb olur. Bütün hallarda öldürmək su içmək kimi asanlaşıb indi. Orta məktəb uşaqlarının cibində belə bir düymə ilə açılan kəskin bıçaqlar var”.
Bu prosesin qarşısını almaq üçün atılacaq addımlara gəldikdə isə sosioloq deyib ki, çətin ki, bundan sonra düzələ:
"Qəsdən qətlə yetirməyə görə 20-25 il azadlıqdan məhrum edilənlər var, çıxır həbsdən, 1 aydan sonra yenə qətl törədir. Bəlkə yeniyetmələrə dustaq həyatının ağırlığından, gələcəyinin puç olacağından, bütün həyatını bir qətlə görə məhv edəcəyindən danışılsa, ailədə qəti qadağalar və qaydalar qoyulsa, valideyn nəzarəti gücləndirilsə, bir qədər düzələr vəziyyət.
Uşaqları zalım böyüdür valideynlər, bunun hər gün şahidi oluruq. Bu zalımlıq bu gün bir küçüyün, pişiyin qulağını kəsmək, sərçəni "raqatka” ilə vurmaqdır, sabah bir insanı qətlə yetirmək. Maksimum diqqətli olmaq lazımdr. Uşaqları zorakılıq aşılayan oyunlardan, cizgi filmlərindən uzaq saxlamaq lazımdır”.