Dünyanın müxtəlif yerlərindən, respublikanın şəhər və rayonlarından Azərbaycan Prezidentinin ünvanına məktublar gəlməkdə davam edir.
"Sherg.az" məktublardan bəzilərini təqdim edir.
Əli Dadaşov, Bakıdan:
- Cənab Ali Baş Komandan, dəyərli və güclü Sərkərdə.
Mən Sizi və rəşadətli Ordumuzu səmimi qəlbdən təbrik edirəm. Mən sevinirəm ki, Sizin kimi Prezidentimiz var. Bizi dünyada qalib xalq kimi tanıtdınız. Sizin və qüdrətli Ordumuzun sayəsində bu qalibiyyəti qürur və sevinc hissləri ilə qeyd edirik. Bizə azad, firavan və bütöv Azərbaycan bəxş etdiyinizə görə Ordumuza və Sizə öncə özüm sonra isə bütün azərbaycanlı uşaqların adından minnətdarlığımı bildirirəm. Qarabağ Azərbaycandır!
Günel Sultanlı, Qubadan:
- Hörmətli cənab Prezident.
Zəfər çalmaqda olan bir xalqın nümayəndəsi, dövlətin vətəndaşı olmaq həqiqətən də qürurvericidir. Bu qürurverici anları bizə yaşatdığınız üçün Sizə təşəkkür edirik. Qarabağın alınması uğrunda apardığınız haqlı mübarizəni dəstəkləyir və Sultanovlar ailəsi olaraq Sizə etimadımızı bildirmək istəyirik. Bu haqlı mübarizədə hərbi həkim olaraq iştirak edən dayım daxil olmaqla bütün hərbiçilərimizin fədakarlıqlarının nəticəsində qələbənin çox uzaq olmayacağına ümid edirik. İnanırıq ki, rəşadətli Ordumuzun mübarizəsi və Sizin düzgün hesablanmış strategiyanız sayəsində yaxın zamanda bütün işğal olunmuş torpaqlarımız işğaldan azad ediləcək. Yeni zəfərlərinizi gözləyir və Sizi dəstəkləyirik!
İsmayıl İsmayılbəyli, Mingəçevirdən:
- Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Ermənistan ordusunun sentyabrın 27-də səhər saatlarından başlayaraq bütün cəbhə boyu ölkəmizə qarşı yenidən təxribat törətməsi bu ölkənin təcavüzkar və işğalçı siyasətinin daha bir təzahürdür. Bu hücumlar nəticəsində ilk növbədə, Vətəninin ərazi bütövlüyü uğrunda döyüşlərdə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.
Ermənistan başda BMT Təhlükəsizlik Şurası olmaqla bir çox regional və beynəlxalq qurumların Dağlıq Qarabağ və işğal altındakı bütün rayonlardan qoşunlarını ən qısa vaxtda və qeyd-şərtsiz çıxarması barədə qətnamə və çağırışlarına baxmayaraq işğalı otuz ilə yaxın müddətdir ki, davam etdirir. Bu hücumları şiddətlə pisləyirik.
İşğal altındakı Dağlıq Qarabağın və ona bitişik rayonların ən yaxın zamanda və mütləq azad olunacağına inanırıq. Azərbaycanda qaçqın və məcburi köçkün vəziyyətinə düşən bir milyona yaxın soydaşlarımız da evlərinə, öz doğma yurd-yuvalarına qayıdacaq. Hamımızın birlikdə şahidi olacağımız o günlər bizim üçün xoşbəxtlik, sevinc və ədalətin bərqərar edildiyi günlər olacaqdır.
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları və qərarlılığı nəticəsində bu günədək işğal altında olan bir sıra torpaqlarımızın azad edilməsi mümkün olub.
Bundan qürur duyuruq. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!
Murad Cəbiyev Ağsudan:
- Əziz Prezidentim.
Mənim 15 yaşım var. Bütün Azərbaycan xalqı kimi mən də, bütün şagird yoldaşlarım da Sizə and və güvənc yerimiz kimi baxır, Sizinlə və ordumuzla fəxr edirik.
Oxuduğum məktəb Əfqanıstan müharibəsində həlak olmuş əmim Arif Cəbiyevin adını daşıyır. Əmim Toğrul Fərəczadə isə 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuşdur.
Ordumuzun düşmən üzərindəki şanlı qələbələrindən qürur duyuram. Əgər lazım gələrsə mən də bir gənc kimi əsgər olmağa, müqəddəs Azərbaycan torpağını qorumağa, əmim Toğrul Fərəczadə kimi qəhrəmanlıq göstərməyə hazıram.