“Müdafiə Nazirliyinin səhlənkarlığı üzündən baş verən hadisə millətimizin adına böyük ayıb idi”
“Şükürlər olsun ki, prezidentin müdaxiləsi ilə ayıb aradan qalxdı”
Ötən həftə Bakının Qaradağ rayonu ərazisində yerləşən qəbristanlıqda dəfn olunmuş 17 şəhidin ailə üzvlərinin etirazı ölkə ictimaiyyətində də narazılıq doğurmuşdu. Səbəb şəhid məzarlarının qrunt suları altında qalması idi. Sosial şəbəkələrdə, eləcə də cəmiyyətdə şəhidlərin dəfn olunması üçün seçilən yerin uğursuz və onların adına layiq olmaması fikri ifadə olunurdu. Və dünən artıq problem həllini tapıb. Vətən uğrunda canından keçən şəhidlərimizin məzarları Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb.
Məsələ ilə bağlı istər sosial şəbəkələrdə, istərsə də mediada davamlı olaraq tənqidi fikirlərini ictimaiyyətlə bölüşən Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu "Sherg.az”a danışıb. O, bildirib ki, bu hadisə Müdafiə Nazirliyinin xətasına görə baş verib. Məzarların yerinin dəyişilməsi əhali arasında narazılıqla qarşılanmışdı. Lakin onlar bunu həll etməmişdilər:
"Qarabağ Qaziləri İctimai Birliyi olaraq bir təşəbbüs irəli sürdük. "ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyi" , "Qarabağ Qaziləri İctimai Birliyi" , "Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi" , "Çernobıl Əlilləri İttifaqı" , "Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi" , Milli Qəhrəman Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova, Beynəlxalq Avrasiya Mətbuat Fondu, general-leytenant Yaşar Aydəmirov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi (TOHGMİB) ilə bir araya gəldik.
Təşkilatlarla birlikdə həmin məzarları ziyarət etdik. Orada nəinki şəhid, heç kimsə dəfn edilməməlidir.
Problemi aradan qaldırmaq üçün müvafiq rəsmi şəxslərin, prezident köməkçilərinin vasitəsilə İlham Əliyevin diqqətinə çatdırıb xahişimizi bildirdik. Mən də, Cənab İlham Əliyevə təşəkkürümü bildirirəm.
R.Kərimoğlu diqqətə çatdırıb ki, Müdafiə Nazirliyinin səhlənkarlığı üzündən baş verən hadisə millətimizin adına böyük ayıb idi:
"Şəhid olan oğlanlar bir-birini qoyub getməmişdilər, onları ayırmaq düzgün deyil. Flora xanım da deyirdi ki, onlar müharibədə bir-birilərindən ayrı düşmədilər, biz niyə ayırmalıyıq ki?!
Şükürlər olsun ki, prezidentin müdaxiləsi ilə ayıb aradan qalxdı. Nəcməddin Sadıqov haqqında sərt, ittiham xarakterli statuslar yazmışdım.
Zaman gəldi prezident onu işdən azad etdi. Görünür ki, bu hadisəyə səbəb olanlarla bağlı da tədbir görüləcək. Konkret olaraq onların günahıdır.
Tağı Əhmədov demişkən "burcutmaq" lazım deyil. Şəhid ailələrin küçələrdə qalmağının səbəbi onlardır. Halbuki o şəxslərə yaraşan hərəkət deyil”.