Təlim ermənilərə siqnaldır: “Dəmir Yumruq” istənilən iqlimdə hazırdır”

“"Qış təlimi - 2021" Qarabağda iştirakını artırmağa meyilli olan sülhməramlılara verilən bir ismarıcdır”

“İkincisi, bu, erməni revanşistlərə “Dəmir Yumruğun” çox yaxınlığında olduğu barədə son xəbərdarlıq etməyə imkan verir"


Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq günü-gündən inkişaf edir. Artıq Qars şəhərində keçirilən "Qış təlimi - 2021"də fevralın 1-dən etibarən başlayıb və fevralın 12-dək davam edəcək. Türkiyə Müdafiə Nazirliyinin (MN) “Twitter” səhifəsində hərbi təlimlərlə bağlı yeni görüntülər paylaşılıb. Qarsda keçirilən “Qış təlimi-2021” Türkiyə-Azərbaycan birgə taktiki təlimləri davam etdiyini bildirib. Xatırladaq ki, "Qış təlimi-2021"də Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə yanaşı, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edirlər.




İki qardaş ölkənin əlaqələrinin bölgə üçün əhəmiyyətindən danışan hərbi ekspert Ədalət Verdiyev "Sherg.az"a bildirib ki, təlimlər ən sərt şəraitdə qoşunların silah və döyüş qabiliyyətlərini sınaqdan keçirmək üçün real imkan yaradacaq:

"Təlimin keçiriləcəyi Qars rayonun ərazisi, Qarabağın şimalındakı işğaldan azad edilən rayonları və Naxçıvanın dağlıq əraziləri ilə oxşar olduğundandan, bu təlimlər Azərbaycan Ordusu üçün mühüm əhəmiyyətə kəsb edir.

Bu təlimlərin keçirilməsinin digər bir mənəvi əhəmiyyəti də mövcuddur. Bilirik ki, 106 il əvvəl bu gün keçirilən təlim zonasına yaxında yerləşən Sarıqamış hərəkatında 90 min türk, 1993-cü ilin sonu- 1994-cü ilin əvvəllərində isə cəmi 50 gün əvvəl erməni taptağından azad edilən Kəlbəcərdə yüzlərlə Azərbaycan Əsgəri şəhid oldu.

Onların çoxu məhz soyuq iqlim şəraitində donvurma səbəbindən həyatları ilə vidalaşmalı olmuşdu. Keçirilən təlim isə baş verən ağrılı acılı hadisələri və qəhrəman şəhidlərimizi unutmadığımızı, tariximizin acı dərslərindən zəruri nəticələr çıxardığımızı da göstərir. Əslində bu təlim böyük türk millətinin, qəhrəman türk əsgərinin şəhidlərimiz qarşısında bir vəfa borcudur".

Ə. Verdiyev diqqətə çatdırıb ki, Qarabağda Qələbə əldə edilsə də, hələlik Qarabağın mərkəzi rayonlarından silahlı ermənilər çıxarılmayıb. Erməni revanşistlər tərəfindən səslənən absurd bəyanatların ardı - arası kəsilmir. Erməni terrorçuların Hadrut və Xocavənd istiqamətində xain hücumlarına son verilməyib. Münaqişə tərəfləri arasında sülh müqaviləsi imzalanmayıb:

" Döyüş əməliyyatlarının aktiv fazası müəyyən mənada bitmiş hesab edilsə də, münaqişə fərqli formatda davam etməkdədir. Belə bir vəziyyətdə Azərbaycanın real döyüş əməliyyatlar teatrında, həm də Türkiyə Silahlı Qüvvələri ilə birlikdə bu təlimlərdə iştirak etməsi mühüm hərbi-siyasi əhəmiyyət daşıyır.

Bu ilk növbədə Qarabağda iştirakını artırmağa meyilli olan sülhməramlılara verilən bir ismarıcdır. İkincisi, bu təlimlər düşmən ordusunun maksimum komplektləşdirilməsi zamanı ilk əks hücum zərbəsindən sonra 20 km enində yarılan cəbhəni unudan erməni revanşistlərə “Dəmir Yumruğun” istənilən coğrafi ərazidə, istənilən iqlimdə, gecə və gündüzün istənilən anında döyüşə hazır, həm də düşmənin çox yaxınlığında olduğu barədə son xəbərdarlıq etməyə imkan verir".

Hərbi ekspert sonda vurğulayıb ki, təlimlərdə xüsusi təyinatlıların müxtəlif üsullarla, o cümlədən hava yolu ilə düşmən arxasına çıxarılması öyrənilir:

Tbundan başqa , terror ocaqlarının məhv edilməsi, vacib obyektləri (əraziləri) əsas qüvvələrin gəlməsinə qədər əldə saxlanılması, düşmən ehtiyatlarının döyüşə daxil edilməsinin qarşısının alınması məqsədilə artilleriya atəşinin tənzimlənməsi kimi fəaliyyətlər fərqli ssenarilər üzərində məşq ediləcək.

Bu isə Azərbaycan və Türkiyə ilə Qarabağda rəqabət aparmaq istəyən qüvvələrə, xüsusən də Ermənistandakı döyüş zamanı kolda-kosda gizlənən revanşistlərə verilə biləcək ən təsirli siqnal olacaq”.