2 qız döyülüb, yol kənarına atılıb

Fərqanə Mehmanqızı: "Bir insanda davranış pozuqluğu varsa,  cinsindən asılı olmayaraq qarşı tərəfə də aqressiya göstərəcək"

Əhməd Qəşəmoğlu: "Adam qız uşağı olanda  kefi istəyəni etməz ki..."

Deyirlər, “qızını döyməyən dizini döyər”.  Bu iddianı qəbul edənlər də var, etməyənlər də. Lakin əyri oturub, düz danışaq.  İstənilən mübahisəni qarşılıqlı söhbətlə həll etmək olarsa, zərif  cinsin nümayəndələrinə əl qaldırmaq ürəkaçan deyil.
Təəssüf ki, ötən gün axşam saatlarında Bakıda iki qız vəhşicəsinə döyülüb, üstəlik küçəyə atılıb.  Belə ki, naməlum avtomobildə olan 2001-ci il təvəllüdlü Həmidli Nərmin Vəfadar qızı və 1995-ci il təvəllüdlü Züleyxa Quliyeva amansızcasına döyülüb, daha sonra yol kənarında düşürülüb.
Qeyd edək ki, onlar bədənin müxtəlif hissələrinin sınığı və əziyi xəsarətləri alıb. Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Mövzu ilə bağlı "Şərq"ə danışan psixoloq Fərqanə Mehmanqızı açıqlamasında bildirib ki, hər bir insanın özünə və ətrafdakılara münasibəti onun xislətinə aiddir:

"Bir insanda davranış pozuqluğu varsa,  cinsindən asılı olmayaraq qarşı tərəfə də aqressiya göstərəcək. Həm fiziki, həm də psixoloji şiddət olacaq. Hər hansı problemi şiddətsiz çözmək olduğu halda, müəyyən variantlardan istifadə etməyəcək. Çünki onda daxili və xarici aqresiyya, həmçinin özünəgüvənsizlik var. Bu insanların o qədər özünü təsdiqə ehtiyacı var ki,  şiddət törətməklə özlərini qarşı tərəfə haqlı göstərməyə çalışırlar. Dediyiniz hadisə də vəhşilik yolu ilə təsdiqin nümunəsidir.  Belə hallar çoxdur. Həmin insanların zəifliyi, acizliyi belə nəticə verir".



Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu isə açıqlamasında deyib ki, hər iki tərəfi günahlandırmaq lazımdır:

"Biz mənəvi dəyərlərin aparıcı rol oynaması üçün çalışmalıyıq. Təəssüf ki, mənəvi dəyərlər arxa plana keçib. Ona görə də cəmiyyətdə gərginlik var.

İstənilən qızı yaxınlaşıb döymürlər ki?! Güman ki, qızlar ehtiyatsız hərəkət edib".

Sosioloq əlavə edib ki, qız uşağı küçədə hərəkətini, danışığını bilməlidir ki, gərginlik yaranmasın:

"Adam qız uşağı olanda  kefi istəyəni etməz ki... Təbii, onları döymək, küçəyə atmaq  kobudluq, vəhşilikdir. Əhalini küçədə davranışlarına diqqətli yanaşmağa dəvət etmək lazımdır. Biz  xarici sosioloqlarla da söhbət edirik. Xaricdə  insanlar küçə mədəniyyətinə görə bir-biri ilə yarışır. Azərbaycanda isə mədəni davranış məsələsi diqqət mərkəzində deyil. Küçədə bir insanın digərinin üzərinə qışqırması "müasirlik, qəhrəmanlıq" deyil.  Bu istiqamətdə cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır".