Tək dövlət bacarmaz, ictimai qınaq vacibdir

Hamı bir hədəfə vurmasa, fəlakətdən qurtarmaq çətin olacaq 

Elə koronavirus xəstələri var ki, qəsdən əllərini yelləyə-yelləyə cəmiyyətin arasında dolaşırlar


“COVİD-19” virusuna yoluxduğu təsdiq edilmiş şəxslərin müalicə dövründə evdən çıxmaları, ictimai yerlərdə görünmələri yasaqdır. Pandemiyanın davam etdiyi müddətdə polis tərəfindən belə şəxslərin yaxalandığının, inzibati cəza aldıqlarının, cərimə olunduqlarının hələ də şahidiyik. Hər gün Daxili İşlər Nazirliyi paytaxtda, eləcə də regionlarda, müxtəlif rayon mərkəzləri və şəhərlərdə viruslu şəxslərin müəyən edilərək məsuliyyətə cəlb olunmaları barədə xəbərlər yayır.

Viruslu xəstələr gah küçədə, marketdə yaxalanır, gah da qapalı məkanlarda təsbit edilir. Nədir bu, qanunlara sayğısızlıq?! Karantin qaydalarını pozan, qadağan olunduğu halda nişan, toy məclisi təşkil edən, yas mərasimi düzənləyənlər də var, əl-qolunu sallayıb küçələrdə gəzənlər də. Əlbəttə, qınanmalı vəziyyətdir. Azərbaycan toplumu qaydalara riayət etməyi sevmir və qanunları görməzdən gəlməyə daha çox meyillidir. Çinin Vuhan şəhərində  – hansı ki, bu virus bəlası onlardan dünyaya yayıldı – 90 gün müddətində virusun təsirsiz hala gətirildiyinə  dair material paylaşılmışdı. Necə olur ki, 11 milyon əhalisi olan şəhər 90 gündə virusa qalib gələ bilir, amma biz 1 ildən artıqdır virusla bacara bilmirik? Vuhanda sərt qaydalar tətbiq edilib və əhali qaydalara riayət edib. Daha bizim kimi, “filankəsin yasına getməsəm, biabırçılıq olar”, “filankəsin nişanıdı, mütləq getməliyəm”, “kefimə gəzmək düşüb”, deyib küçələri gəzməyiblər, kafe, restoranlarda qabaq-qənşər əyləşib burger yeyib, “Cola” içməyiblər, yəqin ki. İndi də normal həyata dönüblər. Amma bu məsələyə bir az başqa tərəfdən də baxmaq zorundayıq. Hər şeydə hər sıxıntıda əhalini günahlandırmaq da düzgün olmaz. Problemə obyektiv nəzər salmalıyıq. Tutalım, bir ailənin 3 üzvündən 3-ü də virusa yoluxubsa, onların gündəlik tələbatını kim ödəməlidir? Yaxınlıqda, qohum-əqrəba olmaya bilər, qohum-əqrəbanın gəlib-getmək imkanları məhdud ola bilər və sairə. Hüquq-mühafizə orqanları tərəfindən yaxalanan “COVİD” xəstələri çox zaman elə belə də deyir: “çıxmışdım çörək almağa”, “aptekə gedirəm”. Yəni bu insanların kənardan köməyi, dəstəyi yoxdursa, əlbəttə, məcbur olub ərzaq, dərman ehtiyaclarını ödəmək üçün özü evdən çıxacaq. Çünki alternativ yoxdur. Bu vəziyyətdə həmin şəxsləri cərimələmək və onlardan evdə qalmalarını tələb etmək nə dərəcədə doğrudur?       

Sosioloq Elçin Bayramlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, əlbəttə, COVİD-19 virusuna yoluxanların ictimai yerlərə çıxması, xüsusən də qapalı məkanlarda olması virusun daha da yayılmasına səbəb olur və bu, yolverilməzdir. Lakin belə insanlar 2 tipə bölünür:  

- Birincisi, buna məcbur olanlar və bunu bilərəkdən,  məsuliyyətsizlikdən, hətta qəsdən edənlər. Birinci qrupa daxil olanları başa düşmək olar - onlar ərzaq, dərman almaq üçün evdən çıxmağa məcbur olanlardır. Onların bunu etməməsi üçün xüsusi yardım mərkəzi yaradılmalı və onların zəruri vasitələri almasına kömək edilməli idi, necə ki bir çox ölkələrdə belə edilir. Təəssüf ki, bizdə ilk günlərdə sanki kampaniya xatirinə bəzi yerlərdə bunu etsələr də, sonralar bu missiya davam etdirilmədi. Nəticədə belə şəxsləri qınamaq üçün heç bir əsas qalmır artıq. İkinci qrupla isə məsələ bir qədər çətindir. Bunlar bivec, laqeyd və məsuliyyətsiz olduqlarından heç nəyə əhəmiyyət vermədən ictimai nəqliyyatdan istifadə edir, sərnişin sıxlığı yaşanan, bildiyimiz basabas avtobuslara minir, kafe, restoran və sair qapalı məkanlara girir və yüzlərlə adamı yoluxdururlar. Mənə hətta bəzilərinin bunu qəsdən etdiklərini də deyiblər. Belələrinə qarşı heç ictimai qınaq da yoxdur. Ən azı, ailə üzvləri, xəstə olduğunu bilən qohum, qonşu və dostları onlardan bu hərəkətlərindən əl çəkmələrini  xahiş edə bilər. Lakin görünür, belələrinin ətrafındakılar da özü kimi məsuliyyətsizdir ki, heç kim heç nə demir, qarşısını almırlar. Bu adamlar ölkəyə istənilən düşməndən daha çox zərər vururlar və bütün xalqı bəlaya salırlar. Sonra da deyirik ki, niyə sərt karantin tətbiq edilir.

Sosioloq hesab edir ki, “Covid” xəstələri ictimai yerlərdə, xüsusən qapalı məkanlarda yaxalanarlarsa, bu məsələ araşdırılmalı, əgər səbəbsiz, yəni son məcburiyyət halı olmadan bunu ediblərsə, həmin şəxslər sərt cəzalandırılmalıdır:  

- Bu tip epidemiyalar ilə mübarizə təkcə hökumətin gücü daxilində deyil, əhali də bu işdə dəstək verməlidir. Bu fəlakətdən qurtulmaq üçün hamı bir hədəfə vurmalı, yoluxmanın artmasına imkan verməməliyik. Bir az məsuliyyətli və vicdanlı olmaq kifayətdir.