Milli Qəhrəmanların ailələrinə Prezident təqaüdü təyin edildi

Bakı–Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilmiş şəxslərin ailə üzvlərinə Prezident təqaüdü təyin edilib.

Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmiş Əliyeva Hökumə Cəlil qızının, Kşnyakin İqor İvanoviçin, Kalyaninov Aleksandr Georgiyeviçin ailə üzvlərinə proaktiv qaydada Milli Qəhrəmanların ailələri üçün nəzərdə tutulan aylıq təqaüdün (1800 manat) təyinatı aparılıb.