Böyük Britaniyanın ən böyük qaz saxlama obyektinin operatoru olan “Centrica” şirkəti Britaniyada qaz ehtiyatlarının təhlükəli həddə azaldığını və soyuq hava şəraitindən sonra ölkənin cəmi bir həftəlik qaz tələbatını qarşılayacaq səviyyədə olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniya evlərin istilik təchizatı üçün əsasən qaza güvənir və eyni zamanda elektrik enerjisinin istehsalında da qazdan geniş istifadə edir.
“Centrica” bəyanatında bildirib ki, Böyük Britaniyanın qaz saxlama obyektlərindəki ehtiyatlar ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz azdır.
“Bu da anbarların təxminən yarı dolu olması deməkdir. Bu vəziyyət Böyük Britaniyanın cəmi bir həftəlik qaz tələbatını ödəyə biləcəyini göstərir”,- deyə bəyanatda qeyd olunub.
Avropadan fərqli olaraq, Böyük Britaniyada qaz ehtiyatlarının saxlanılması üçün məcburi hədəf mövcud deyil. Avropa enerji böhranı zamanı qiymət artımı və təchizat narahatlıqlarını nəzərə alaraq belə bir siyasət müəyyən edib.
“Biz enerji sistemimizdə qaz ehtiyatı saxlama roluna görə Avropadan fərqlənirik və bu fərqin nəticələrini indi daha aydın şəkildə görürük”, – deyə “Centrica”nın icraçı direktoru Kris Oşea vurğulayıb.