Valideynlər övladlarını tez-tez dinləməlidir, səsini eşitməlidir
Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi Elmir Mirzəyev yaşadığı evin həyətində özünü asıb. O, “WhatsApp” sosial şəbəkəsində intihar edəcəyi ilə bağlı məlumat verib. Paylaşımda yazılıb: “Bəlkə də siz bu statusu oxuyanda mən artıq həyatda olmayacam. Özünüzə yaxşı baxın.
Məni dost dediklərimin yanlış anlamağı öldürdü, səhv etdiniz. Bu, ömrünüzün axırına kimi sizi peşman edəcək. Mənimki bura qədərmiş... Elmir.”.
Son vaxtlar intihar hadisələrinin artmasının şahidi oluruq. Təəssüf ki, bəzi insanlar problemlərin həllini intiharda görür. Bu yola daha çox psixoloji durumu yerində olmayan insanlar əl atır. Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı bildirib ki, intiharlarda yaş həddi yoxdur:
“Biz bunu hər yaş aralığında görə bilərik. İntiharın əsas səbəblərindən biri mənəvi aclıqdır. İnsanların mənəvi aclığı başlayanda intihara meyilli olur. Ailədən gələn dəyər mövcuddur. Bir şəxsiyyətin formalaşması dövründə ailədə övlada qarşı dəyər, onun özgüvəni, şəxsiyyətlərarası münasibət önəmlidir”.
Psixoloq diqqətə çatdırıb ki, qeyd olunan məqamlar şəxsiyyətin formalaşması dövründə böyük təməl rolu oynayır:
“Şəxs formalaşma dövründə hər hansı travma yaşayarsa, yetkin yaşa çatdığı zaman, çətin situasiyalarda həmin travma ilə əlaqədar sinir sistemi pozula bilir. Bu travma müxtəlif hadisələrə cavab verir, insanın psixoloji halına, xarakteristikasına təsir edir. Psixologiyası həssas, özgüvənsiz, özünəqapanıq, assosial insanlarda intihara meyillik halları daha çox müşahidə olunur”.
F.Mehmanqızı həmçinin əlavə edib ki, bu gün cəmiyyətdə əsas problemlərimizdən biri insanları dinləməməkdir:
“İnsanların empati bacarığı çox aşağı göstəricidədir və kənardakı şəxsin səsini duymadığı zaman intihara çıxış yolu kimi baxır. Ona görə də valideynlər övladlarını dinləməlidir. Ümumiyyətlə, nəinki övladlarımızı, ətrafımızdakı insanları da dinləmək və dəstək vermək lazımdır. İntihara sürükləyən təkliyi onların əlindən almalıyıq”.