Mehriban Zeynalova: "İnsanlar ailə öhdəliklərini kifayət qədər sorğulamadan evlənir, uşaq dünyaya gətirirlər"
Dövlət Statistika Komitəsindən əldə edilən məlumata görə, hazırkı dövrdə 11 313 boşanma halı qeydə alınıb. 2021-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 36 063 nəfər nikaha daxil olub. Əhalinin hər 100 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,4-ə, boşanmaların sayı isə 1,4-dən 1,7-yə qədər artıb.
Boşanmaların sayında artımla bağlı “Şərq”ə danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, boşanmalarla bağlı hər ailənin fərdi problemləri var:
“Hər zaman deyirəm, sosial rollar dəyişir. Hazırda ənənəvi olaraq qadın evdə otursun, kişi işləyib, pul qazansın ənənəsi müasir dövrün tələblərinə uyğun dəyişib. Artıq həm qadın, həm də kişi işləyir. Evin yükü bir ailə üzvünün üzərinə düşdüyü halda anlaşılmazlıqlar özünü büruzə verir. Əksər kişilər ailədə öz rolunu yalnız işləməkdə görür. Halbuki, uşağın tərbiyəsi ilə ana qədər atanın da məsuliyyəti var. Ailə başçılarının rolu bərabər bölünməli, məsuliyyət dərk edilməlidir”.
M.Zeynalova qeyd edib ki, insanlar ailə öhdəliklərini kifayət qədər sorğulamadan evlənir, uşaq dünyaya gətirirlər:
“Təbii ki, bizim daha çox narahat olduğumuz məsələ uşaqlı ailələrdir. Həmin ailələrin məsuliyyət hissinin, ailə öhdəliklərinin olmaması boşanmalara gətirib çıxarır. Sosial problemlər, müdaxilələr, sosial şəbəkələrdən istifadə zamanı iki tərəfdən birinin qısqanclığı kimi hallar izdivacların pozulması ilə nəticələnir. Həm kişi, həm də qadın xəyanətləri var ki, bunlar da əsas səbəblərdəndir. Bəzi hallarda sosial şəbəkələrdə yazışmanın özünü qadın xəyanəti kimi təqdim edir və cəmiyyət sosiallaşmanı birmənalı etirazlarla qarşılayır. Bu da öz növbəsində boşanmalara təsirsiz ötüşmür”.
M.Zeynalova həmçinin əlavə edib ki, seksual münasibətlərdə uyğunsuzluq ailələrin dağılmasına səbəb olur: “Mən onu əsas götürmürəm. Amma tələsik evlənib, izdivacın uğursuz olduğunu müəyyənləşdirdikdən sonra boşanmalara qərar verənlər olur. Tələsik qurulan evliliklərin fəsadları da çoxdur. Bundan başqa, böyüklərin hər şeyə neqativ müdaxilə etməsi, ailədəki ənənəvi idarəçilik metodunu davam etmək istəyi indiki dövrdə rolların dəyişməsindən irəli gəlir və kifayət qədər ziddiyyət yaradır. Qadının ailədə öz fikrini ifadə edə bilməməsi, yaxud da qadının kişiyə, kişinin qadına münasibətində qarşılıqlı hörmət nümayiş etdirə bilməməsi ailədaxili problemlər yaradır və boşanmalara gətirib çıxarır”.