Suraxanıda yıxılıb dünyasını dəyişən İqram Dervişovun təqsirkarı sahibkardır
25 oktyabr saat 13:00 radələrində Suraxanı Rayon Prokurorluğuna fəhlənin ölməsi barədə məlumat daxil olub. Rayon prokurorluğunda aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 1972-ci il təvəllüdlü İqram Dervişov işlədiyi yerdə aldığı xəsarət nəticəsində xəstəxanada ölüb. İ.Dervişov Suraxanı rayonu ərazisində yerləşən “Xəyal Adaları” yaşayış kompleksindəki fitness-spa mərkəzi üçün nəzərdə tutulmuş tikilidə suvaq-təmir işlərini görən zaman üzərində dayandığı iki metr hündürlüyündəki ayaqaltıdan yerə yıxılıb.
Fəhlə baş nahiyəsindən aldığı xəsarətdən sonra dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Tikintidə əmək təhlükəsizliyi hallarının daim pozulması barədə “Şərq”ə danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, bədbəxt hadisə təhlükəsizlik texnikası qaydalarının pozulması səbəbindən yaşanır:
“Əgər fəhlənin əmək müqaviləsi varsa, o, işə götürülərkən ilk növbədə istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarından sığortalanmalı idi. Bundan əlavə, bütün işçilər əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırılmalıdır. Fəhlə peşəsinə uyğun zərurət yarandığı təqdirdə tibbi yoxlanışdan keçmək vacibdir”.
S.Məmmədov vurğulayıb ki, bu kimi analoji hadisələr həmin iş yerində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən pozulub:
“Texniki təhlükəsizlik qaydalarını təmin etmək və ona nəzarət etmək vəzifəsi var. Qaydalar istər işçi, istərsə də işə götürən şəxs tərəfindən pozulduqda yenə də işə götürən şəxs məsuliyyət daşıyır. Deməli, işə götürənin günahı ucbatından istehsalatda bədbəxt hadisə baş verib və ölümlə nəticələnib”.