Onlar bizim uşaqlardır, yaxşı ki, qaytardıq

İraqdan repatriasiya olunan azərbaycanlı uşaqların səhhətində ciddi problemlər var

İraqdan ölkəmizə 38 uşaq repatriasiya edilib. Onlardan 17-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin, 21 nəfər isə Səhiyyə Nazirliyinin müəssisələrinə yerləşdirilib.
Nazirlikdən verilən məlumata əsasən, bundan əvvəl tərkibində Agentliyin nümayəndəsi olan İşçi Qrupu Bağdad şəhərinə (İraq) ezam edilib. Orada cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan, Azərbaycan vətəndaşları olan həmin uşaqların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib. Uşaqlara zəruri yardım göstərilib.

Qeyd edilib ki, ölkəmizə gətirildikdən sonra uşaqların hər birinə psixoloq, sosial işçi təyin olunub. Onlarla bağlı fərdi plan əsasında, həmçinin aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində reabilitasiya və reinteqrasiya proqramının icrasına start verilib.

Sosial tərəfdaşların dəstəyi sayəsində qış paltarları ilə təmin ediliblər. Daha sonra isə uşaqların ailələrinə, yaxın qohumlarına verilməsinə başlanacaq. Növbəti mərhələdə də onlara sosial-psixoloji dəstək davam edəcək. Yerləşdikləri ailələrlə psixososial reabilitasiya işi aparılacaq.

Azərbaycan Hökuməti buvaxtadək İraqdan və Suriyadan repatriasiya olunmuş digər şəxslərlə, onların yaşadıqları ailələrlə bağlı da sosial-psixoloji reabilitasiya proqramı tərtib edilib. Sosial işlər Sosial Xidmətlər Agentliyinin ehtiyaclarına uyğun aparılıb. Həmin şəxslər psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, asudə vaxtlarının mənalı keçmələri üçün müxtəlif dərnəklərə cəlb ediliblər.
Hazırda da onlarla sosial işlər davam etdirilir.
 
Uşaqların sonrakı aqibəti ilə bağlı “Şərq”ə danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, bu, birinci mərhələ deyil, bundan öncə də uşaqlar repatriasiya edilmişdir:

 “Onlar Sosial Xidmətlər Agentliyinin sosial sığınacağına yerləşdirilib. Orada reabilitasiya aparılıb. Peşəkar mütəxəssislər qayğıya ehtiyacı olan uşaqlarla işləyiblər. Hər birimizə məlumdur ki, həmin uşaqlar müxtəlif problemlərin,cinayətlərin içindən keçib. Mənə bunlarla bağlı bir çox jurnalistlər də müraciət edib, onlardan müsahibə götürmək istəyib. Mən isə izah etməyə çalışmışam ki, onların yaşadığı həyatı yazmaq media adamlarına nə isə verməyəcək. Yaşadığı travmaları anlamaq, dövlət təhlükəsizliyi, maraqları nəzərə almaq, eyni zamanda uşağın psixologiyasını düşünmək lazımdır”.

K.Ağazadə güman edir ki,Səhiyyə Nazirliyinin müəssisələrinə verilən uşaqlar yaş baxımından çox kiçik olduğu üçün 21 uşağın səhhətində ciddi problemlər var: 

“Ona görə də uşaqlar tibb müəssisələrinə yerləşdiriliblər. Bəlkə körpələr evinə istiqamətləndirilən uşaqlar da olacaq. Söhbət mütləq qaydada SN-dən gedirsə, ilkin tibbi müalicənin önəmi çox vacibdir. Reabilitasiyaya heç şübhə etmirəm. Onlara sosioloq, psixoloq, sosial işçi, psixonevroloq, psixiatr, nevropotoloq, pediatr, terapevtlər yetəri qədər qayğı və diqqət göstərəcək. Çünki onlar bizim vətəndaşlarımızdır. Müharibə zonasından çıxmış bir uşaq münaqişə gedən ölkənin siyasətinin, silahlı insidentlərin qurbanıdır. Düşünürəm ki, Azərbaycan ən gözəl addımı atıb. Çünki biz illərdir bunu deyirik ki, o uşaqlar qaytarılmalıdır. Bir çox insanın uşaqların dönüşünə şübhəsi var idi. Amma proseduru heç kim nəzərə almırdı. Mərhələli şəkildə uşaqların repatriasiya olunması sevindirici haldır”.