Salyan Rayon Kolanı kənd sakini Ə.Cəbiyevin oktyabrın 25-də bank hesabından 1000 manat pul oğurlanıb. Salyan sakini bu barədə Rayon Polis Şöbəsinə müraciət edib. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata əsasən, oğurluq əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Əliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Müxtəlif dələduzluq yolları ilə banklardan pulların çəkilməsinə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az”a bildirib ki, təhlükəsizlik nöqteyi-nəzərdən banklar dünyanın ən müasir tələblərinə uyğun əhalinin hesablarının qorunmasına xidmət göstərir:
“Məsələ bundadır ki, vətəndaşlar özləri bir az bu işlərə məsuliyyətsiz yanaşır. İstənilən məlumatları əldən vermiş ola bilirlər. Müxtəlif məxfi pin kodları qarşı tərəfdən gizli saxlamaq lazımdır. Bəzən vətəndaşlar hər hansı saxtakarın birinə bilmədən məlumat ötürmüş olurlar. Bu aspektdən araşdırma aparıldıqda məlum olacaq ki, həmin sakinin pulunun oğurlanması onun birbaşa kiməsə gərəksiz etibarından irəli gəlib. Beləliklə, dələduzların qurbanına çevrilib”.
İqtisadçı həmçinin əlavə edib ki, dünyada bir çox haker dəstələri var:
“Onlar müəyyən vətəndaşların, hüquqi şəxslərin hesabına daxil olurlar, orada müəyyən köçürmələr edə bilirlər. Amma Azərbaycanda müştərilərin kartına daxil olan elə bir qüvvə yoxdur. Sadəcə olaraq dələduzlar mövcuddur. Onlar insanlara telefon zəngi, SMS, digər elektron daşıyıcılar üzərindən müraciət edib, aldadaraq müxtəlif yollarla kart məlumatlarını əldə edirlər. Vətəndaşlar bu istiqamətdə diqqətli olmalı, bank hesabları ilə bağlı şəxsi məlumatlarını hüquqi əsaslar olmadan kiməsə verməməlidir”.