Dünəndən “WhatsApp” öz tətbiqini köhnə smartfonlarda -4.1 Android və 9 İOS-dan aşağı versiyaları dəstəkləməyəcək. İşləmə qaydalarında ediləcək dəyişikliyi “WhatsApp” hələ oktyabr ayında elan edib.
Bildirilib ki, noyabrın 1-dən köhnə modellərdə “WhatsApp” proqramlarına texniki dəstək verilməyəcək. Siyahıda “Apple”, “Samsung”, “LG”, “ZTE”, “Huawei”, “Sony” kimi brendlərlə yanaşı “Alcatel”, “Archos”, “HTC”, “Caterpillar”, “Wiko”, “Lenovo” kimi markaların əvvəlki modellərinin də adları var.
Məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında vurğulayıb ki, bu artıq insanların “WhatsApp”sız qalacağı anlamına gəlmir:
“Sadəcə olaraq məsuliyyət istifadəçilərin üzərinə düşür. Köhnə smartfonlarda “WhatsApp” tətbiqinin yenilənməsi, orada olan boşluqların aradan qaldırılması, ona xidmət göstərilməsi kimi texniki məsələlərdən dolayı cavabdehliyi şirkət üzərinə götürmür”.
O.Gündüz diqqətə çatdırıb ki, həmin analoji məsələ “Microsoft” tətbiqində də var:
“Tətbiq deyir ki, sizin komputerinizdə “Windows7” varsa, artıq mən onu dəstəkləmirəm. Amma bu o demək deyil ki, o işləmir. Sadəcə olaraq xidmət göstərilmir. Problem olduqda şirkət səriştə daşımır. Onun qorunmasını,təhlükəsizliyini həyata keçirmir. Bu, şirkətin öz siyasətidir. Ona görə də düşünürəm ki, indi vətəndaşlar daha güvənli,dayanıqlı,təhlükəsiz xidmət almaq istəyirlərsə,belə məsələləri nəzərə almalıdırlar. Köhnə telefonlarda tətbiq işləyə bilər”.