Gəncə şəhəri, Zərrabi küçəsi 53 ünvanında fəaliyyət göstərən “Ləziz” şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata əsasən, ilkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi məlum olub.
Həmçinin müəssisənin istehsal sahəsinin yuyulub təmizlənə bilən materiallarla təchiz edilmədiyi, otaqlarda uzun müddətdən bəri təmizlik işlərinin aparılmadığı aşkarlanıb. Yoxlama zamanı müəssisədə mal qonşuluğu prinsipinə riayət edilmədiyi, məhsulların hazırlanmasında yararlılıq müddəti bitmiş yağlardan, sulu mayadan, qaymaqdan, krem tozundan istifadə edildiyi, satışa çıxarılan məhsulların üzərində etiket məlumatlarının qeyd olunmadığı, işçilərin xüsusi geyim formaları ilə təmin edilmədiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.
İstehsalı müəssisəsindəki yoxlamalara münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Sherg.az”a söyləyib ki, biznes qurumları istehlakçıların hüquqlarına qətiyyən məhəl qoymurlar:
“Dövlətin siyasətindən tam yaralanaraq bu cür sexlər fəaliyyət göstərir. Yəni dövlət əslində onlar üçün rahat bir şərait yaradıb. Lakin müəssisə sahibləri dövlətin yaratdığı həmin şəraitdən sui-istifadə edirlər. Belə müəssisələrin mövcud olmasında AİB- in, mənim, həmçinin Gəncə şəhər şöbəsindən Tahir Paşayevin də günahı var ki, deməli, biz ictimai nəzarəti mükəmməl yerinə yetirə bilmirik. Təəssüf ki, belə hallar dəryada bir damladır. Çox yerdə belə sexlər mövcuddur. Düşünürəm ki, AQTA - nın hər bir işçisi məsələ ilə bağlı kömək etməlidir. Müəssisələrdə belə qanunsuzluqlar istənilən peşə sahibi olan vətəndaşın gözü qarşısında baş verir.
Təklif edirəm ki, bu kimi analoji hallar baş verdikdə AQTA-ya məlumat versinlər ki, belə özbaşınalıqlar aradan qaldırılsın. Belə problemlər qanunlardakı boşluqlardan, hökümətin birtərəfli siyasəti və istehlakçı hüquqlarının nəzərə alınmamasından qaynaqlanır”.