Tanınmış jurnalist İbrahim Nəbioğlu Feysbuk hesabında “Türklərin başqa dillərdən aldığı və verdiyi kəlmələr” başlığı altında paylaşım edib.
Fotonu olduğu kimi təqdim edirik.
İ.Nəbioğlu “Aldığımı çoxdur, verdiyimi?” sualını da əlavə edərək vurğulayıb:“Bu dilimizin gücünü göstərən bir çalışmadır...”.
Yuxarıdakı fotodan da göründüyü kimi türk dili Azərbaycan dilindən başqa digər dillərdən - ingilis, alman, fransız, fars, rus... çoxlu sayda sözlər alıb. Amma nədənsə Azərbaycan dilindən bir dənə də olsun söz almayıb. Bəzi ekspertlər isə bunu Azərbaycan dilinin kasad olması ilə izah edir.
Məsələyə münasibət bildirən dilçi alim, filologiya elmləri doktoru, professor Adil Babayev “Sherg.az”a bildirib ki, fars dilinə türk dilinə 3 min söz keçib:
“Bunları Azərbaycan və ya Türkiyə türkcəsinə görə fərqləndirməyə ehtiyac yoxdur. Yaxud da erməni dilində 4 minə yaxın türk sözlərindən istifadə edilir. Biz oğuzlar məsələn,“baş” deyirik. Türk qardaşlarımız “kafa” sözünü işlədir. Onlar “kafam karıştı”, biz isə “başım qarışdı”kimi səsələndiririk. Hazırda “baş” sözündən xeyli söz və ifadələr yaranır. “Başçı”, “başlıq”, “baş vermək”, “baş tutmaq” və s. Amma bizim dilimizdə “kafa tutmaq”, “kafa vermək” kimi ifadələr yoxdur. Deməli, bu oğuz qrupu üçün “baş” sözü daha doğmadır. Onlarda isə qıpçaq ünsürləri daha çoxdur. Çünki qıpçaqlar Şimali Qafqazdan keçib, cənubi Qafqazdan isə səlcuqların gəlməsi ilə əlaqədar bir qədər fərqli cəhətlərimiz var. Məsələn, bizim dildə “getmək”, türklərdə, həmçinin Qazax rayonunda “varmak” sözü işlədilir”.
Professor, həmçinin diqqətə çatdırıb ki, bizim dildən keçən sözlərə misal olaraq gül, tüfəng və s. nümunəni göstərmək olar:
“Şah İsmayıl Xətai öz dövründə əsasən bizim oğuz-səlcuq dili ilə yazırdı. Dilimizdəki sözlərin əksəriyyətinin digər dillərə keçməsi həmin dövrə təsadüf edir. Xan, xanım, qundaq, başmaq kimi sözlər də bu qəbildəndir. Yəni onlar bizim sözləri işlədirlər. Millətimiz üçün “Başqa dillərə sözlərimiz keçməyib” fikri düzgün deyil. Çünki farslar keçən minillikdə cəmi 34 il, 1915-ci ilə qədər hakimiyyətdə olublar. Hər zaman farslara azərbaycanlılar rəhbərlik edib. Ona görə də sözlərin əksəriyyəti bizim dildən alınıb. Bizdən farslara keçməklə yanaşı,eyni zamanda bu sözlər həm də türk qardaşlarımızındır. Məsələn, Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, türkmən, krım tatarları, qaqauz dilləri oğuz-səlcuq yarımqrupuna daxildir. Bu dillər bir-birinə daha çox yaxındır. Bu səbəbdən yarımqrup adlanırlar. Amma bütün türk xalqlarının qrammatikası eynidir. Düzdür, hazırda türk dilçiləri buna fikir vermirlər. Mənsubiyyət kateqoriyası türk dilində demək olar ki,mövcud deyil. Məsələn, “mənim apartman” deyirlər, amma “mənim apartmanım” olmalıdır. Yaxud da türk dilində feilin lazım şəkli yoxdur.“Mən getməliyəm” deyilmir, “getməm gərək” deyilir. Ona görə də bizim dilimiz türk dillərinin ən gözəlidir”.