Dünən Naftalanda ailə üzvləri dəm qazından zəhərlənib. “Sherg.az” xəbər verir ki, hadisə rayonun Qaşaltı kəndində baş verib. 1984-cü il təvəllüdlü Mustafayev Xəyyam Yunis oğlu və həyat yoldaşı1989-cu il təvəllüdlü Heydərova Sevil İman qızı yaşadığı mənzildə dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Baş verən hadisəni “Sherg.az”a dəyərləndirən təhlükəsizlik üzrə ekpert Elmar Nurəliyev bildirib ki, havalar soyuduqca insanların qaz cihazlarına, istiliyə olan tələbatı artır:
“Evləri qızdırmaq üçün mərkəzi istilik sistemi olmayan mənzillərdə, həmçinin hamam otaqlarında qaz cihazları və avadanlıqları işə düşür. Hamam otaqlarında qışda havalar soyuq olduğu üçün nəfəsliyi bağlı saxlamaq, qapının aşağı hissəsində dəliklərin olmaması da dəm qazından zəhərlənmə hallarını qaçılmaz edir. Təəssüf ki, hər il qış aylarında dəm qazından boğulma halları ilə bağlı xəbərlər eşidirik. Maarifləndirmə işi nə qədər çox aparılsa belə, yenə də insanlar öz həyatlarına biganə yanaşırlar. Qazla bağlı təhlükəsizlik qaydalarına məsuliyyətsizlik edirlər. Dəm qazının qurbanına çevrilməmək üçün standartlara cavab verməyən, lakin evdə olan qaz cihazlarından istifadə, kənar müdaxilə etməmək, tüstü bacalarını ildə iki dəfə təmizləmək, evin havasını gün ərzində bir neçə dəfə dəyişmək, hamam otaqlarında nəfəslik və ventiliyasiya olmasını təmin etmək lazımdır. Yəni standartlara uyğun olmayan qaz cihazlarını yaxud ehtiyat hissələrini almaq, kustar üsulla hazırlanan qaz cihazlarını işlətmək, qeyri-metal borular ilə evə qaz xətti çəkmək dəm qazını yaradan əsas amillərdir”.
Ekspert əlavə edib ki, hələ də bəzi insanlar kustar üsulla hazırlanan, mənşəyi, istehsalçı firmanın adı və uyğunluq sertifikatı olmayan qaz cihazlarını alır,istifadə edirlər:
“Bu, potensial təhlükə riskidir ki, insanlar onu nəzərə almırlar. Dəm qazı iysiz, dadsız və rəngsizdir. Havadan yüngül qazdır. Ona görə onu hiss etmək olmur. Ancaq ilkin əlamətlərindən dəm qazı zəhərlənməsini bilmək olar. İnsana
dəm qazının təsiri baş gicəllənməsi, baş ağrısı, ürək bulanma, qusma və halsızlıq kimi hallarla təsir göstərir. Dəm qazı yəni karbon monoksidi yaradan səbəb isə yanma prosesinin düzgün getməməsidir. Natamam yanma nəticəsində ayrılan qaz karbon 4 oksid əvəzinə karbon 2 oksidə çevrilir. Yanma düzgün gedərsə, ayrılan qaz karbon 2 oksidə çevrilərək xaric olur. Ona görə insanlar bilməlidirlər ki, dəm qazının yaranmasına səbəb qaz sobalarında yanma prosesinə düzgün riayət olunmamasıdır. Yəni soba norma və standartlara uyğun deyil, qazı tam yandırmır”.
E.Nurəliyev həmçinin vurğulayıb ki, əgər tüstü borularında deşik, çat olarsa, yenə də yanma prosesi düzgün getməyəcək:
“Tüstü boruları yamağ, kəsik, deşik olmalı deyil.Tüstü boruları zədəli olarsa, bu, dəm qazının yaranmasına birbaşa səbəbdir. Fikir versək, dəm qazından zəhərlənmə hallarının əsasən evin yataq və hamam otaqlarında baş verdiyini görərik. Ən çox isə hamam otağında dəm qazından zəhərlənməyə şahidlik edirik. Çünki hamam otaqları standartlara cavab vermir. Normalda hamam otaqları minimum 7kv olmalıdır. Ancaq 2-3 kv olan hamam otaqları da varki, orada kustar üsulla hazırlanan yaxud da “su çəni”, “ pitiminutka” deyilən qaz cihazı qoyulub”.
E.Nurəliyev qeyd edib ki, dəm qazı olan hava ilə insan tənəfüs etdikdə 7 dəqiqədən sonra ölüm təhlükəsi ola bilər:
“Otaqdakı hava kütləsinin 0.1 faizinin dəm qazı olması insan ölümünə səbəbdir. Hamam otağının qapısının aşağı hissəsində yerləşən xırda dəliklər içəridə hava ventilyasiyası üçündür. Orada nəfəslik daim açıq olmalıdır. Bədbəxt hadisələr baş verməsin deyə bunlara məsuliyyətlə yanaşmaq lazımdır”.
Müsahibimiz diqqətə çatdırıb ki, dəm qazından zəhərlənmə olarsa, həmin insanı otaqdan bayıra, təmiz havaya çıxartmaq, əynindəki paltarın yaxasını açmaq , yarıoturaq vəziyyətdə alnına soyuq kompres qoymaq və ehtiyac olarsa, süni nəfəs vermək labüddür:
“Əgər huşu özündədirsə, isti yaxud limonlu çay verib, təcili tibbi yardım xidməti çağırılmalıdır. Bundan başqa, insanların evdə riayət etməli olduğu müəyyən təhlükəsizlik qaydaları var ki, onlara əməl etmək bədbəxt hadisələrin qarşısını alır. Qaz cihazını yandıran zaman evdə qaz qoxusunun olub-olmamasına əmin olmaq, daha sonra kibriti çəkərək qazı yandırmaq lazımdır. İnsanlarda çöldən evə girən kimi dərhal işığı yandırmaq adət halını alıb. Ancaq bu, təhlükəlidir. Ola bilsin ki, ailə üzvləri evdə olmayanda qaz sızması yaransın və işığı yandıran zaman partlayış baş versin. Əgər qaz qoxusu hiss olunarsa, onda qapı-pəncərəni açmaq,evin havasını dəyişmək,elektrik cihazlarından istifadə etməmək və aidiyyəti üzrə müvafiq quruma məlumat vermək lazımdır”.