Daxili İşlər Nazirliyi və Rayon İcra Hakimiyyətinin əməkdaşları Şamaxı rayonu ərazisində fəaliyyət göstərən qanunsuz heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib. Reydlərin məqsədi antisanitar şəraitdə küçə və yol kənarlarında, həmçinin kəsim üçün nəzərdə tutulmayan yerlərdə qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısını almaqdır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata əsasən, reydlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan heyvan kəsimi və ət satışının reallaşdırıldığı yerlər aşkar edilib.
Bundan başqa baytarlıq nəzarəti həyata keçirilmədən ət məhsullarının satışa çıxarıldığı məlum olub. Yerli icra orqanlarının əməkdaşları qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyaları söküblər.
Həmçinin agentlik əməkdaşları kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar veriblər.
Qanunsuz heyvan kəsimi və satışı ilə bağlı “Sherg.az”a danışan qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev bildirib ki, hər birimiz azərbaycanlı, müsəlmanıq:
“Antisanitar vəziyyətdə kəsilən əti bizim ətrafımız, dostumuz, övladımız, valideynimiz istifadə edə bilər. Şəxsi vicdan deyilən bir anlayış var. Hər bir insanda vicdan olmalı və onu qarşısına qoyub fikirləşməlidir. Düşünməlidir ki, mənim bu qeyri-qanuni fəaliyyətim kimlərə nə kimi təsir göstərə bilər?”.
Ekspert vurğulayıb ki, qanunsuz ət kəsimi ilə bağlı sahə müvəkkillərində məlumatlar var:
“Bu halların qarşısını almaq sahə müvəkkillərinin səlahiyyəti çərçivəsidədir. Qeyri-qanuni, oğurluq kəsilən heyvan satmaq heç vaxt mümkün deyil. Yəni bu, məlum olan məsələdir. Onların əksəriyyət bilir ki, qanunsuz yollarla heyvan kəsimi həyata keçirilir. Qanuni olaraq kəsim və satışın reallaşması üçün gigiyenik şərait lazımdır. Əks halda DİN də, İcra Hakimiyyəti də işə qarışacaq. Bunu edən insandır. Hər bir insanın da düşüncə tərzi var. Elə şəxslərin qanundankənar hərəkəti bunu deməyə əsas verir ki, onlar vicdansızdırlar”.