Bunlar daha çox yaz və payız aylarında özünü daha qabarıq şəkildə göstərir
1991-ci il təvəllüdlü Həsənov Elşən Ədalət oğlu bir neçə gün əvvəl Abşeron rayonu Saray qəsəbəsində itkin düşüb. E.Həsənovun intihar etdiyi aşkar olunub.
Onun meyiti Corat qəsəbəsində dəniz sahilində tapılıb. 30 yaşlı Elşənin 12 noyabr özünü dənizə ataraq intihar etdiyi, sonra dalğaların meyiti sahilə çıxardığı məlum olub.
Məlumata əsasən, Elşən Həsənovun anası Rəfiqə Həsənova da noyabrın 12-də intihar edib. Həmin gün E.Həsənov anasının yaşadığı evin həyətində özünü asaraq həyatına son qoyduğunu görüb. Gənc dərin sarsıntı keçirərək evdən çıxıb, dəniz sahilinə yollanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Son zamanlar günümüzün bəlasına çevrilən intihar hadisələri ilə bağlı “Şərq”ə danışan psixoloq Elnur Rüstəmov bildirib ki, intihar səbəbləri müxtəlif ola bilər: “Depressiya zamanı insanlar intihara daha çox meyl edirlər. Amma bu, o demək deyil ki, psixoloji gərginlik keçirən hər kəs öz həyatına son qoyur. Bilərəkdən canına qıyan insanların böyük bir qismi o vəziyyətə düşənlərdir. Psixologiyada da qeyri-rəsmi olaraq mövsümi depresiya adlanan bir anlayış var. Yəni fəsillərin dəyişməsi ilə insanların əhvali-ruhiyyəsi də bəzən kəskin formada təzahür edir. Bunlar daha çox yaz və payız aylarında özünü daha qabarıq şəkildə göstərir”.
Psixoloq həmçinin qeyd edib ki, xüsusən də həssas insanlar belə bir situasiyada intihar kimi düşüncələrə qapıla bilir: “Ümidsiz düşüncələri, fikirləri də özlərindən kənar qoymurlar. Bunlar da öz növbəsində özünəqəsdlə nəticələnir. Hazırda informasiyanın bol olduğu bir dönəmdə yaşayırıq. Hər bir informasiyanın da emosional yükü var. Bəzən qəbul etdiyimiz məlumatlardan kədərlənirik, sevinirik. Bütün bunlar sürətli baş verir, nəticədə insanın ovqatı tez-tez dəyişir. Ona görə də bu gün psixoloji sağlamlığın, təhlükəsizliyin qorunması bütün inkişaf etmiş ölkələrdə prioritet istiqamətdir. Psixi gümrahlığın müdafiəsi üçün kitab oxumaq, yürüş, idman etmək, bir sözlə, sevilən işlə məşğul olmaq fərdə bağlıdır. Cəmiyyət olaraq neqativlərdən mümkün qədər uzaq durmaq, pozitivə köklənmək lazımdır”.