Suçlu anadır, amma yara dərindir
Bakıda yeni doğulmuş qız uşağı binalardan birinin girişinə atılıb.
Hadisə paytaxtın mərkəzində - Nəsimi rayonu, Alı Mustafayev küçəsindəki binada qeydə alınıb.
Körpə Bakıdakı körpələr evindən birinə təhvil verilib.
Məsələ ilə bağlı “Şərq”ə danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, illərdir uşaq hüquqları müdafiəsi sahəsində çalışan biri kimi deyir ki, çox nadir hallarda körpəni istəməyən ana uşağı körpələr evinə verir:
“Elə insanlar qeyri-qanuni izdivacdan dünyaya gələn uşağını ailə üzvlərinin biləcəyi və faciəyə yol açacağından və başqa müxtəlif problemlərdən dolayı çıxış yolunu bu addımı atmaqda görürlər. Amma təbii ki, bunlar həll yolu deyil”.
K.Ağazadə diqqətə çatdırıb ki, bu gün uşaqların atılmaması üçün müzakirələr aparılmalıdır: “Həmçinin arzuolunmaz hamiləliklərin qarşısının alınması kimi məsələlər fonunda disskusiyalar reallaşdırmalıyıq. Yaxşı olardı ki, uşaqların sağlamlığının təhlükəsizliyi baxımından bilgiləndirici roliklər yaradılsın. Bu barədə geniş auditoriyalarda müzakirələr aparılsın. Amma bu mövzuda roliklərin daha da belə addımların atılmasına təşviqi ilə bağlı məni qınayırdılar. Artmasın, çoxalmasın deyə maarifləndirmələri aparmayaqmı? Bunun özü uşağın təhlükəsizliyini əngəlləmə yolunda önəmli məsələ hesab edilə bilər. Ona görə də indiki mövqedə sensasiyon xarakterli xəbərlər uşaq atıldı deyil, uşaq atılmamalıdır kimi olmalıdır. Körpələr arzuedilməz həddə gəlib çıxmalı deyil. Onları dünyaya gətirmək üçün planlaşdırma həyata keçirilməlidir. Əfsuslar olsun ki, bu kimi analoji hadisələrin hələ uzun illər davam edəcəyinə şahidlik edəcəyik”.