30 ilə yaxın müddətdə işğal altına olan torpaqlarımız Azərbaycanın müzəffər ordusunun gücü nəticəsində işğaldan azad edilib. Ötən ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsi Ermənistanın məğlubiyyəti ilə sonlanıb. İşğaldan sonra qalib ölkə olan Azərbaycanın prioritet hədəflərindən biri minalanmış ərazilərin xəritəsini Ermənistandan təhvil almaqdır. Bu yöndə beynəlxalq təşkilatlara da müraciətlər olunub. Lakin düşmən tərəf xəritələrin verilməsini gecikdirir. Onsuz da ərazilərin minalardan təmizlənməsi işləri ciddi şəkildə davam edir. Amma Ermənistanın bu prosesi ləngitməsi vaxtımızı alır. Halbuki xəritələr zamanında verilsə, ərazilərin təmizlənməsi işləri daha tez yekunlaşar.
Məsələ ilə bağlı “Sherg.az”a danışan BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli bildirib ki, ilk növbədə Avropa ölkələri özlərini həqiqət carçısı kimi qələmə verirlər. Onlar guya hər zaman istənilən məsələlərə obyektiv münasibət sərgiləyirlər. Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüzlə əlaqədar heç də ədalətli mövqe tutmadılar:
“Diqqət etsək, görərik ki, indiyə qədər faktiki olaraq heç bir Avropa dövlət rəsmiləri yaxud da hansısa beynəlxalq təşkilat açıq şəkildə Ermənistanın 30 il ərzində Azərbaycan ərazisində törətmiş olduğu vandallığa öz mövqeyini bildirməyib. Bu, çox acınacaqlı haldır ki, Avropa liderləri, Avropa birlikləri Ermənistanı suçlamırlar. Bunun da davamı olaraq Ermənistanın dolayı yolla bütün hərəkətlərinə dəstək vermiş olurlar. Həmin məsələlərdən biri də məhz minalı ərazilərin xəritələrinin verilməsidir”.
Professor vurğulayıb ki, beynəlxalq humanitar hüquq normalarına görə bütün minalanmış ərazilərin xəritələri verilməlidir:
“Lakin Ermənistan bunu bir siyasi alver predimetinə çevirib. Bir müddət öncə Azərbaycan tərəfinə mina xəritələrini vermək üçün erməni əsirlərini tələb ediblər. Azərbaycan bir qrup erməni terrorçuları Ermənistana təhvil verib. Bunun əvəzinə də guya Ermənistan addım ataraq minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim edib. Sonrakı günlərdə aydın olub ki, bu ərazilər və xəritə heç də həqiqəti əks etdirmir. Məsələ hətta dövlət başçısı tərəfindən də vurğulanıb ki, minalanmış ərazilərin xəritəsinin 25 faizi reallığa uyğundur. “Centelmen” razılaşmasında da Ermənistan öz iddiasından əl çəkməyib. Onlar Azərbaycana müxtəlif formada daha çox ziyan vurmağa çalışır və həmişə məqsəd güdür. İlkin məqamda verilən xəritələri Gürcüstanın baş nazirinin dəstəyi və vasitəçiliyi, daha sonra Rusiyanın iştirakı ilə Azərbaycan əldə edib. Ancaq yenə də xəritə həqiqətə uyğun deyil. Bu, Ermənistan ünvanına bir dövlət üçün çox etibarsız davranış oldu. Eyni zamanda dözülməz vəziyyətdir ki, hətta beynəlxalq təşkilatlar da, Avropa liderləri də buna obyektiv münasibət bildirməyiblər”.
S.Məmmədli diqqətə çatdırıb ki, bir sıra beynəlxalq sammitlərdə, müxtəlif görüşlərdə Avropa İttifaqının (Aİ) bəyənatlarında, açıqlamalarında Ermənistanın Azərbaycana minalı ərazilərin xəritələrini verməli olduğu vurğulanır:
“Aİ-nin Ermənistana kifayət qədər təsiretmə imkanı var. Hətta Ermənistana maliyyə yardımı da göstərir. Lakin məsələ ilə bağlı Ermənistanın üzərinə ciddi şəkildə düşmürlər. Ermənistanın xislətindən irəli gələrək istəyi ondan ibarətdir ki, bütün vasitələrlə çalışıb, Azərbaycanın azad edilmiş torpaqlarında məskunlaşma prosesini uzatsın. Çünki bu ərazilərdə məskunlaşma prosesi sürətlə getdikcə sözsüz ki, Xankəndində mövcud olan separatçı rejim özünü həddən artıq narahat hiss edəcək. Həmçinin keçmiş məcburi köçkünlər torpaqlarına geri qayıdanda onlar vakuumda olacaqlar. Buna görə də o əraziləri məskunlaşması prosesini onların xislətindən irəli gələrək uzatmağa çalışırlar. Nəzər yetirsək, 160 nəfərdən artıq mülki şəxs minaya düşüb, yaralanan və vəfat edənlər olub. Yenə də ermənilər öz təbiətlərinə məxsus sifətlərindən əl çəkmirlər. Prosesin uzanması ilə erməni tərəfi elə düşünür ki, vaxt qazanacaqlar. Azərbaycana qarşı hansısa bir addım atmağa cəhd göstərə bilərlər. Amma bütün bunlar ermənilər üçün heç bir nəticə verməyəcək. Çünki Azərbaycanın güclü ordusu onların revanşist istəyini gözündə qoyacaq. Son günlər Aİ-nın açıqlamasında da vurğulanıb ki, bu xəritələrin verilməsi gündəmə gələcək”.
Professorun qənaətincə, dekabrın 15-də Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında Brüsseldə baş tutacaq görüşdə bu məsələ gündəmə gələcək:
“Bəzi dövlətlər, o cümlədən hətta ermənipərəst Fransanın özü də Azərbaycanda minaların təmizlənməsi üçün müəyyən vəsait ayırıb. Həmçinin bu yaxınlarda ABŞ da minalanmış ərazilərin təmizlənməsi üçün müvafiq yardım edib. Bundan başqa, prosesə İtaliya da dəstək verir. Amma ermənilər öz inadkarlıqlarından əl çəkmirlər. “Öz aləmlərində” prosesi uzatmağa səy göstərirlər”.