“Hərbi qulluqçular başa düşməlidir ki, olduqları ərazidə mobil cihazlardan istifadə etmələri onların həyatı üçün təhlükə yaradır”
Müasir həyatımızda internetin rolu artır. Texnologiya inkişaf etdikcə sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib. Lakin sosial şəbəkələrin mənfi təsirləri də var. Belə ki, Noyabr döyüşləri ərəfəsində dövlət sərhədində gedən əməliyyatlarla bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyri-rəsmi foto və video materialların paylaşılması ciddi narahatlığa və narazılığa səbəb olub. Azərbaycan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məxfilik rejimini kobud şəkildə pozaraq bu kimi paylaşımları edən bir qrup hərbi qulluqçu müəyyən edilib.
Həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub. Oların törətdiyi əməllərə hüquqi qiymətin verilməsi üçün toplanılan materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Bu gün də hərbi qulluqçuların fəaliyyəti ilə bağlı qadağalar müəyyən edilib. "Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinə əsasən hərbi qulluqçulara tətil etmək, seçkili orqanlarda vəzifə tutmaq, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq, yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək yasaqlanır. Bundan başqa, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq, daimi yaşayış üçün xaricə getmək, siyasi və dini təbliğatla məşğul olmaq, dövlət sirrini yaymaq qadağan edilir. Eyni zamanda komandirlərin (rəislərin) qanunla müəyyən edilmiş qaydada verilmiş əmrlərini, sərəncamlarını və göstərişlərini müzakirə etmək və ya tənqid etmək, hərbi xidmət vəzifələrinin icrasının dayandırılmasına yönəlmiş hərəkət (hərəkətsizlik) etmək olmaz. Həmçinin hərbi xidmətlə bağlı kütləvi informasiya vasitələrinə və ya onların nümayəndələrinə komandirlərin (rəislərin) icazəsi olmadan birbaşa müsahibə vermək, qadağan olunmuş əşya və ya texniki vasitələri (cihazları) hərbi hissənin ərazisinə və xidmət yerinə gətirmək və onlardan istifadə etmək, sosial şəbəkələrdə, internet informasiya ehtiyatlarında hərbi xidmətlə bağlı məlumatları yaymaq, xidməti mənsubiyyətini açıqlamaq qanunsuz sayılacaq.
Hərbi qulluqçuların fəaliyyətinə dair qadağalar haqqında "Sherg.az"a danışan hərbi jurnalist, ehtiyatda olan zabit Üzeyir Cəfərov bildirib ki, qəbul edilən müddəa düzgün addımdır, pozitif yanaşmaq lazımdır:
"Hərbi qulluqçuların statusu haqqında qanun qəbul olunanda hələ sosial şəbəkələr yox idi. Ötən il qanunun müzakirəsi ərəfəsində güc strukturlarına təkliflər verilməsi üçün göndərilmişdi.
Həmin təkliflərin hazırlanmasında mən və xidmət etdiyim qurumun zabitləri yaxından iştirak etdilər. Biz də maddəyə dəstək verdik.
Qurumların fəaliyyətinin tənzimlənməsi baxımından maddəni əlavə etdik. Sözügedən müddəa Milli Məclisdə müzakirə edilir, yaxın vaxtlarda qəbul ediləcək.
Xeyli mütərəqqi maraqlı məqamlar var. Hərbi qulluqçuların mobil cihazlardan istifadəsinin qadağan olunması qanun şəklində tətbiq ediləcək.
Hərbi qulluqçular başa düşməlidir ki, olduqları ərazidə mobil cihazlardan istifadə etmələri onların həyatı üçün təhlükə yaradır”.