İstehlaka yararsız məhsullar:“Problemin kökünü qanunlarda axtarın”

Bakıda marketlərdə yararsız məhsulların satıldığı məlum olub. İstehlaka yararsız bioloji fəallığa malik qida əlavələrinin satışının qarşısı alınıb. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ticarət mərkəzində bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) topdan satışı həyata keçirilib. Agentlik əməkdaşları fiziki şəxslər Qəmbərov Rauf Qurbanqulu oğlu, Muhammed Saeed Khana, Mehdiyev Vüqar İnqilab oğluna məxsus mağazalarda plandankənar yoxlama aparıblar. 

Araşdırmalar nəticəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, sertifikatlaşdırılmamış, BFMQƏ adı altında müxtəlif çeşidli məhsulların satışının reallaşdırıldığı aşkar edilib.
Müxtəlif növ və çəkilərdə qablaşdırılmış 192 ədəd qida təhlükəsizliyi sertifikatı olmayan  məhsul satışdan kənarlaşdırılaraq müvafiq tədbirlər görülüb .

Yararsız məhsulların satışı barədə “Sherg.az”a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, cəmiyyətdə problemlə üzləşdikdə kökünü qanunlarda axtarmaq lazımdır: 

“Cəmiyyəti insanlar yox, qanunlar idarə edir. Azərbaycan hökuməti son 6-7 ildə biznes qurumları üçün bir “ərköyün” obraz yaradıb.  Onlara toxunulmazlıq statusu verib. Kim nə istəsə, sata, ala bilər, onları yoxlamaq olmaz. 

Yoxlama prosedurları həddindən artıq mürəkkəbdir. Yoxlayıcı orqan reyd üçün Ədliyyə Nazirliyinə müraciət etməlidir. Nazirlik qarşı tərəfə bununla bağlı gün, tarix haqqında məlumat verir. Kimlər gəlir və nə üçün gəlir deyə bildirilir. Daha sonra razılıq verilsə, aidiyyəti orqan yoxlama aparmalıdır. Əlbəttə ki, bu, effektsiz üsuldur”.

E.Hüseynov vurğulayıb ki, biznes qurumları hökumətin onlar üçün yaratdığı toxunulmazlıq şəraitindən sui-istifadə edir:

“Xarici ölkələrdən təhlükəli, hətta insan üçün yararsız, o cümlədən də bioloji fəal olan qida əlavələri gətirirlər. İllərdir ki, bioloji aktiv maddələr sektoru nəzarətsiz olub. Çünki bunlar nə dərman, nə də qidadır ki, Səhiyyə Nazirliyi, AQTA nəzarət etsin. Bioloji fəallığa malik qida əlavələri boşluqda qalıb. 

Ətalət qanununa əsasən bunlar yenə də köhnə qayda ilə davam etdirilir. Belə mallar sanki elektron siqaretə bənzəyir. Elektron siqaret nə tütün məmulatı, nə də elektron mal deyil ki, müvafiq qurumlar onu diqqətdə saxlasın. Həmin maddələr qanunlardakı boşluqdan istifadə olunan və bazarı zəbt edən bir mal qrupunda yaranıb. Nəhayət 1 ilə yaxındır ki, bu kimi məsələlər AQTA-nin nəzarətinə keçib. Bazarda təəssüf ki, sertifikatlaşmadan kənar, bioloji aktiv qida maddələri mövcuddur. 

Lakin AQTA-nin fəallığı, nəzarət istəyi vasitəsilə dövlət orqanları insanların qarşısını ala bilməz. Yəni böyük bazara məhdud resurslarla insan resurslarına malik bir dövlət qurumunun nəzarəti mümkünsüzdür. 

Ona görə də bu kimi oxşar məsələlərdə istehlakçıların da böyük rolu var. İstehlakçılar aldıqları malın mütləq sertifikatını tələb etməlidirlər. Belə malların üzərində ölkə kodu, Azərbaycan dilində yazı yoxdursa, ya qaçaq, ya da qeyri-qanuni gətirilib. Bu cür məhsulları mənimsəməkdən kənar olsunlar. 

İstehlakçılar belə hallarla qarşılaşdıqda 1003 telefon qaynar xətti ilə AQTA-ya məlumat vermələrini tövsiyə edirəm”.