Qazinin lazer epilyasiyasına hərbi formada getməsi müzakirə doğurdu – OLMAZ! + Video

"Tutalım, hər hansı mərkəz qaziyə güzəştli və yaxud ödənişsiz xidmət göstərirsə, reklam etməməlidir”

“30-35 manat civarında bir proseduru pulsuz, yaxud endirimə salıb, qazinin adından istifadə edib özləri üçün nüfuz qazanırlarsa, bu “qara piyar”dan başqa şey deyil”


Sosial şəbəkələrdə reklam formasında yayılan hərbi formada olan şəxsin lazer epilyasiya proseduru müzakirələrə səbəb olub. Bununla da “hərbi geyimi belə məkanlarda geymək olmaz” məsələsi yenidən gündəmə gəlib. Bəziləri sözügedən formadan sui-istifadə edir və şəxsi məqsədlərini həyata keçirirlər. Qeyd etmək lazımdır ki, hərbi geyimi müqəddəs hesab edən ekspertlər də var.  Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov da mediaya açıqlamalarından birində "bu cür müqəddəs formanın mahiyyətini və anlamını dərk etməliyik"  deyə vurğulayıb.

Hərbi formanın özəl məqsədlərlə istifadə edilməsi ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, belə reklamlarla həm şəhidlərin, həm qazilərin, həm də dövlətin adına xələl gətirirlər:

"Tutalım, hər hansı mərkəz qaziyə güzəştli və yaxud ödənişsiz xidmət göstərirsə, reklam etməməlidir. 30-35 manat civarında bir proseduru pulsuz, yaxud endirimə salıb, qazinin adından istifadə edib özləri üçün nüfuz qazanırlarsa, bu “qara piyar”dan başqa şey deyil.

Məni narahat edən məsələ  qazinin həmin prosedura hərbi formada, medalları ilə getməsidir. O proseduru adi halda, normal geyimdə etdirə bilərdi. Mən onlara qazi demək istəmirəm, bu həqiqi qazilərin haqqına girmək olar. Bəzi müharibə iştirakçıları müharibə adından yararlanırlar, hərbi formanı əyinlərindən çıxarmırlar. Formanın sayəsində özünə qarşı diqqət, eyni zamanda maddi və mənəvi hörmət gözləyir. 

Ona görə belə insanların addımları müharibədə can qoymuş qazilərimizə haqsızlıqdır. Həmin xidmət mərkəzi daxil olmaqla bununla bağlı ölçü götürmək lazımdır".