Qızı götürüb qaçdılar! 

Bu günlərdə Azərbaycanda 2 qız qaçırma hadisəsi qeydə alınıb.“Sherg.az” xəbər verir ki, birinci hadisə Yevlaxda baş verib. Elçin Musayev adlı şəxs 13 yaşlı qardaşı qızını qaçırıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb.

Digər  qaçırılma hadisəsi isə Ağdamda yaşanıb. İmamqulubəyli qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi G.M. məktəbdən qayıdarkən qaçırılıb.Keçirilmiş tədbirlərlə həmin qız tapılaraq ailə üzvlərinə təhvil verilib. O, izahatında evlənmək məqsədi ilə öz razılığına əsasən getdiyini bildirib. Faktla bağlı Ağdam RPŞ-də araşdırma aparılır.

Bu hadisələrin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Çıxış yolu olaraq nə etməliyik ? Cəzalandırma, yoxsa maarifləndirmə?

Suallarımızı cavablandıran sosioloq-alim Əhməd Qəşəmoğlu “Sherg.az”a bildirib ki, belə problemlərin çoxalmasının səbəbi məsələlərə birtərəfli yanaşmağımızdır: 

“Bizdə cəmiyyət elə vəziyyətdədir ki, təkcə maarifləndirmə və cəzalandırma ilə bunun qarşısını almaq olmaz. Təbii ki, bu insanlar arasında cəzalandırma aparılmalıdır. Amma biz yalnız hüquq-mühafizə orqanlarının üzərinə də düşə bilmərik. 

Cəmiyyət olduqca həssaslaşıb və mürəkkəbləşib. Hüquq-mühafizə orqanları ilə yanaşı, başqa ictimai təşkilatlar və təhsil müəssisələri bu işlə məşğul olmalıdır. Bu səbəbdən kompleks işlər görülməlidir”.

Sosioloq bu sahədə təhsilin önəmindən də danışıb:

“Bu məsələ ətrafında geniş maarifləndirmə işləri də olmalıdır. Yalnız biri ilə cəmiyyətimizdə bir nəticə olmur. Biz çalışmalıyıq ki, bu hadisələrin elmi səbəblərini araşdıraq və həmin insanların sosial psixoloji portretlərini hazırlayaq. Təhsil sistemində bu barədə böyük işlər aparılmalıdır. Çünki təhsil sistemi elə bir vəziyyətdədir ki, orada lazımi səviyyədə təlim-tərbiyə həyata keçirilmir. Şagirdlər lazımı səviyyədə həyata hazırlanmır”.

Çimnaz ŞAHLAR