Qarabağ Universitetinin tələbələri nümunəvi olmalı, daha diqqətli davranmalıdırlar -AÇIQLAMA

Bütün dünyanın gözü bizdədir

"Mərkəzi ali məktəblərdə vəziyyət yaxşı deyil. Tələbələrlə heç bir ideoloji iş aparılmır"

  Qarabağ Universitetinin tələbələrinin kütləvi şəkildə ara mahnısı ifa etməsi qızğın mübahisələrə səbəb olub. Qeyd edək ki, bununla bağlı video sosial şəbəkələrdə paylaşılıb. Videoda tələbələrin universitetin yataqxanasının eyvanına çıxaraq “olmuşuq məsti-xumar, yenə gözlərimiz axır...” mahnısını ifa etdiyi, ətrafdakıların da onları alqışladığı görünür.  Bu mahnı hər hansı digər ali məktəbin tələbələri tərəfindən ifa edilsəydi, həmçinin həmin video da 27 sentyabr – Anım Günündə deyil, hər hansı adi bir gündə yayılmış olsaydı, yəqin ki, bu dərəcədə təpki ilə qarşılanmazdı. Hər zaman olduğu kimi fərqli düşüncəli insanlar məsələyə fərqli yöndən yanaşır. “Siz cavan olmamısınız?!. Cavanlıqda klassik musiqi dinləyirdiniz, meyxana, ara mahnılarını heçmi sevməmisiniz?!. Gənclərin üzərinə çox getməyin, cavandılar” kimi reaksiyalarla yanaşı, əlbəttə, qınayanlar, bu davranışı Qarabağ adına, müqəddəs torpaqlara, müqəddəs şəhidlərimizin Anım gününə yaraşdırmayanlar da çox oldu. Buradaca qeyd etməliyik ki, Qarabağ Universitetində ilk dərs günü “Qarabağ şikəstəsi” oxuyub tələbə qızlardan biri. Tələbələrin iştirakı ilə açıq havada konsert proqramı təşkil olunub. Çox gözəl. Qarabağa, universitet oldu, olmadı, yaraşan elə budur. Lakin bu məsələdə ciddiyə alınması gərəkən bir neçə məqam var.  “Məsti-xumar” mahnısını ifa edən Qarabağ Universitetinin tələbələridir. Qarabağ Universiteti isə bütövlükdə işğaldan azad edilən torpaqlarımızda olduğu kimi igidlərimizin qanı-canı bahasına erməni terrorçularından təmizlədiyi Xankəndidə yerləşir. Tələbə adını qazanmış gənclər bu şəhərin Azərbaycan dövlətçilik tarixində, eləcə də hərb tarixində hansı önəm daşıdığını bilməlidirlər.  Bilməyə borcludurlar. Onlara “gəncdirlər”, “uşaqdırlar”, deyə qahmar çıxmağa çalışır bəziləri. 17-18 yaşında könüllü özünü müdafiə batalyonlarına qoşulub Vətənin keşiyində dayanan və şəhid olanlar da gənc idilər, deyə bilərik. Tələbə adını qazanmış gənc artıq yetkin insan sayılır. Bu gənclər hansı ali məktəbin tələbəsi olduğunun fərqinə varmalıdırlar. Zövqlər müxtəlifdir və bu, təbiidir. Kimisi klassik musiqini, muğamları, kimisi bəstəkar mahnılarını, həmçinin də meyxana və ya “ara mahnıları”nı sevə bilər. Məsələ, zaman-məkan seçimini düzgün etmək, doğru zamanda doğru seçim etməyi bacarmaqdadır.  “Məsti-xumar” mahnısının məkanı Qarabağ Universiteti deyil, 27 sentyabr heç deyil (əgər həmin gün ifa edilibsə - M.R.).               

  Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Qarabağ Universitetində təhsil alan tələbələr hər kəsdən daha diqqətli davranmalı, “oğru dünyası”nın mahnılarını oxumamalıdır: 

- Ola bilər, gəncdirlər, bu mahnıdan xoşları gəlir. Amma nəzərə almalıdırlar ki, bütün Azərbaycanın, Azərbaycanla bərabər dünyanın bəlli mərkəzlərinin nəzəri onların üzərindədir. Yəni onlar elə bir örnək davranış sərgiləməlidirlər ki, kənardan  baxanlar “əhsən” desin və bu torpağın əsl sahibinin Azərbaycan xalqı olduğunu bilsinlər və hamı görsün ki, onlar özlərini ləyaqətli şəkildə aparırlar. Gəncdirlər,  onlara yol göstərənlər də bu məsələnin üzərində ciddi dayanmalıdır. Xatırlayıram, illər əvvəl təklif etmişdim ki, universitetlərdə tədrisdən əlavə kənardan dəvət edilən  tanınmış şəxslər, ictimai xadimlər vasitəsilə maarifləndirmə işləri aparılsın. Geniş auditoriyada bu şəxslərlə görüşlər təşkil edilsin, fikir mübadiləsi aparılsın, nümunəvi örnəklərlə bağlı tələbələrə əlavə məlumatlar verilsin ki, motivə edilsinlər. Lakin faydalı təklifim qəbul edilmədi. İndi Qarabağ Universitetindən danışırıq, Bakının mərkəzi ali məktəblərində vəziyyət yaxşı deyil. Tələbələrlə heç bir ideoloji iş aparılmır. Auditoriyaya elə müəllimlər gəlir, tələbələrə deyirlər bu ölkədən başınızı götürün qaçın, buranın gələcəyi yoxdur. İdeoloji iş başlı-başına buraxılıb. İdeoloji yön elədir ki, onu başlı-başına buraxmaq olmaz. Əks halda gənclər zərərli ideoloji istiqamətlərin, anti-Azərbaycan qüvvələrinin təsiri altına düşə bilər. Tələbələrə izah edilməlidir, nəyi necə etsələr ümumi işimizin xeyrinə olar. Qarabağ Universitetinin rəhbərliyi, müəllim heyəti yenidir. Təbii, boşluqlar olacaq. Amma biz boşluqları doldurmağın yollarını deyirik. Mərkəzdə o boşluq illərdir qalmaqdadır, bu işə məsul şəxslər nə özləri bir iş görür, nə də iş görmək istəyənlərə imkan verirlər. Yolumuzu bağlayırlar. Bu işdə vətəndaş cəmiyyəti,  media olaraq yetərincə töhfə verə bilərik, əgər universitetlərin qapısı üzümüzə açılsa, bizə geniş auditoriyaya çıxmaq imkanı yaradılsa.