Dərs saatlarının fərqli vaxtlara bölünməsi şərtdir -Ekspert

Bakıda təhsil müəssisələrinin sıxlığı və təhsil alanların çoxluğu şəhərin nəqliyyat sisteminə ciddi yük gətirir


Bakıda təhsil müəssisələrinin və orada təhsil alanların sayı artdıqca, şəhərdəki nəqliyyat yükü və tıxac problemi daha da aktuallaşır. Xüsusilə məktəb və universitetlər mövsümünün başlanğıcı paytaxtın nəqliyyat infrastrukturuna ciddi təsir göstərir. 

Təhsil eksperti Kamran Əsədovun "Sherg.az"a açıqlamasına görə, Bakı şəhərində 320-dən çox orta məktəb və 40-a yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ali təhsil müəssisələrinin çoxu şəhərin mərkəzi hissəsində, xüsusən Yasamal, Nərimanov və Nəsimi rayonlarında cəmlənib: 

"Bakı şəhərində orta təhsil alan şagirdlərin sayı təxminən 500 mindən çoxdur. Universitet və kolleclərdə təhsil alan tələbələrin sayı 150 mindən artıqdır. Valideynlərin böyük bir hissəsi şagirdləri hər gün şəxsi avtomobillə məktəbə aparır ki, bu da tıxac probleminin dərinləşməsinə səbəb olur.
Bakı Nəqliyyat Agentliyinin məlumatlarında da bildirilir ki, səhər saatlarında məktəblər və universitetlərə yaxın ərazilərdə nəqliyyat sıxlığı 30 faizə qədər artır. Nəqliyyatın sıx olduğu ərazilərdə, məsələn, İnşaatçılar, 20 Yanvar və Neftçilər prospekti kimi yolların kəsişmələrində hər gün saatlarla tıxac yaranır.
Məktəb və universitetlərin başlanma vaxtı iş saatları ilə üst-üstə düşdüyü üçün səhər saatlarında tıxacın piki müşahidə olunur".

Ekspertin fikrincə, Bakıda təhsil müəssisələrinin sıxlığı və təhsil alanların çoxluğu şəhərin nəqliyyat sisteminə ciddi yük gətirir. Problemin həlli istiqamətində kütləvi nəqliyyatın təkmilləşdirilməsi, dərs saatlarının fərqli vaxtlara bölünməsi və parkinq problemlərinin həlli vacibdir".