Prinsip etibarı ilə İran tərəfi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin əleyhinə deyil, lakin o, bu müqavilədə Zəngəzur dəhlizinin olmasını istəmir. Bu sözləri iranşünas Qarik Misakyan erməni mediasına açıqlamasında deyib.
O bildirib ki, sözügedən razılaşma Ermənistan və İranın geosiyasi maraqlarına xələl gətirməməlidir. Zəngəzur dəhlizi, eləcə də Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərində mümkün vasitəçiyə çevrilməsi İranı narahat edir. O iddia edib ki, İran tərəfinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi qətiyyən dəyişməyib, bunu İranın Rusiya tərəfinə reaksiyaları da sübut edir. Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqunun İrana səfəri olub və burada digər məsələlərlə yanaşı, dəhliz də müzakirə olunub. İran mətbuatının məlumatına görə, Rusiya tərəfi İranın dəhlizlər məntiqi ilə bağlı siyasətini dəstəkləyir və ona hörmət edir. Yəni burada Zəngəzur dəhlizi ilə bağlı heç bir mövqe dəyişməyib. Qarik Misakyanın sözlərinə görə, hazırda İran ətrafında vəziyyət gərginləşib (Yaxın Şərqdə İranın proksi qüvvələrinin ciddi zərbələr alması, xüsusilə Hizbullah liderinin ölümü nəzərdə tutulur – red.) və İranın indiki mərhələdə diqqətini bu regiondan yayındırması mümkündür.
Siyasi şərhçi Tural İrfan “Sherg.az”a söyləyib ki, İran Azərbaycanın Türkiyə və digər türk ölkələri ilə sıx münasibətlər qurmasına qarşıdır:
“Zəngəzur məsələsində yaratdığı süni əngəllər də buna görədir. Ancaq Azərbaycan dəfələrlə vurğulayıb ki , bu dəhlizin fəaliyyəti heç bir region və dünya dövlətinə qarşı deyil. Əksinə bundan İran özü də bəhrələnə bilər. İran sülh müqaviləsinə qarşı olmasa da, əngəllərin tam qaldırılmasını istəmir. Regiondakı qonşu dövlətlərin sülh şəraitində olması hər bir halda İranın da marağında olmalıdır. Zəngəzur dəhlizi şübhəsiz ki, açılacaq. Ancaq yaxşı olar ki, bu məsələ razılıq əsasında olsun”.
Ekspert bildirib ki, Türkiyəni özünə rəqib hesab edən İranın bu yanaşması heç cürə qəbul edilə bilməz:
“Düşünmürəm ki, İranın etirazı təkcə Türkiyənin vasitəçilik etməsinə görədir. Əgər özünün vasitəçiliyini təqdim edirdisə onun da yolu bu deyil. İran birbaşa bu dəhlizin açılmasına qəti etiraz edir, "qırmızı xətti" adlandırır. Müxtəlif əsassız fikirlər səsləndirərək guya İsrail və yaxud NATO-nun da bura daxil ola biləcəyini söyləyirlər. Ancaq unutmamaq lazımdır ki, bu dəhliz məsələsində İranın müttəfiqi olan Rusiyanın da rolu var. İran bu məsələyə etirazı Rusiya ilə də anlaşmazlıq yaradır. Hazırda Orta Şərqdə alovlanan müharibə İrana qarşı basqılarla müşayiət olunur. Bu ərəfədə regionda da təkrar gərginlik yaradaraq qonşuları özündən narazı salmaq İranın yalnız ziyanına ola bilər. Məsud Pezeşkiandan hələ bu məsələyə ciddi mövqe gəlməyib. Ola bilsin qonşu ölkələrlə rəsmi görüşləri baş tutsun və həm Türkiyə, həm də Azərbaycan kimi qonşularla mövcud münasibətlərin təzələnməsi nəzərdən keçirilsin”.