Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb.
"Report" xəbər verir ki, tədbirin rəsmi açılış mərasimindən sonra "İqlim İmperativi – Yerli Fəaliyyətdən Qlobal Fəaliyyətə", "Azərbaycanın enerji keçidi", "Şəhər Konteksti – Quraşdırılmış Ətraf Mühit, Risk və Davamlılıq", "Ağıllı Şəhərlər və Dayanıqlı İnfrastruktur – Davamlı Dizayn və İnşaatın Rolu", "Şəhər keçidinin maliyyələşdirilməsi – Yaşıl Maliyyə və İşləyən İnvestisiya Modelləri", "Neft və Qaz Sektorunda Enerji Keçidinin Sürətləndirilməsi" adı altında panel sessiyalar baş tutub.
Sessiyalarda müvafiq mövzular üzrə Azərbaycan və xarici ölkələrin rəsmiləri, müvafiq sahələr üzrə ekspertlər çıxış edib.
Qeyd edək ki, oktyabrın 4-dək davam edəcək bu tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir araya gətirir.
BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsindən sonra keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi COP Sədrliklərinin Üçlüyü tərəfindən elan edilmiş 1,5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində həyata keçirilən işlərin daha geniş vüsət almasını təmin edəcək və COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə dəstək olacaq.