"İranın Ermənistanı yanına çəkməsi iqtisadi maraqdan çox siyasi, ideoloji məsələdir" - ŞƏRH

İran İrəvanda dünyanın ən böyük ticarət nümayəndəliyini açıb.
Nümayəndəliyin açılışında iştirak edən İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib ki, bura dünyanın ən böyük mərkəzidir: "Bu da İran və Ermənistan arasında dərin dostluq əlaqələrindən xəbər verir. Ermənistan və İran arasında ticarət-iqtisadi əlaqələr və ticarət dövriyyəsi sürətlə artır. Ümid edirəm ki, ticarət nümayəndəliyinin açılması iqtisadi əlaqələrin, o cümlədən ticarətin inkişafına təkan verəcək".

Qeyd edək ki, 18 min kv.m-dən çox əraziyə malik mərkəzin açılışında Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan da iştirak edib.


Siyasi şərhçi  Tural İrfan Sherg.az-a açıqlamasında  İranın Ermənistana yaxınlığının ən əsas məqsədi Türkiyə və Azərbaycan əleyhinə olan mövqeyidir: 

"Dövlət prinsipləri olaraq qəbul ediblər ki, həm Türkiyə və Azərbaycanın, həm də ümumilikdə türk dövlətlərinin hər vəchlə inkişafına, birliyinə maneə yaratsınlar. Ona görə də  Qarabağın azad edilməsi İranı daha da narahat etdi. Zəngəzur dəhlizinə qarşı çıxması da məhz buna görədir. İndi də Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirir. Çünki sülh müqaviləsinin masada olduğunu bilir və onu da dərk edir ki, artıq Ermənistan Türkiyə və Azərbaycan ilə müsbət münasibətlərə başlayacaq və bu əlaqələr İranı qabaqlaya bilər. Əsasən də İran ölkəsində yaşayan soydaşlarımızın ticari əlaqələrinin və münasibətlərinin Türkiyə və Azərbaycan ilə deyil, Ermənistan ilə qurulmasını istəyir. Mümkün olduğu qədər Güney Azərbaycanı Ermənistana yaxınlaşdırmaq istəyir. Qarşılıqlı konsulluqlarının açılması da buna misaldır".

T.İrfanın sözlərinə görə, İran mümkün olduğu qədər  Ermənistanda yerləşmək, Zəngəzurun qarşısını kəsmək, eyni zamanda Ermənistanı da Güney Azərbaycana gətirmək istəyir: 

"İranın bu kimi addımları ticari və iqtisadi maraqdan çox siyasi, ideoloji məsələdir. Harada İslam, Türk və Türkiyə düşməni varsa İran onun yanındadır. Bu, onun dövlət proqramıdır. Qərbin ideoloji dairələri, Fransa, ABŞ və başqa güclər İranı İslam və türk dünyasına qarşı istifadə edir və edəcək".