Qadağan etmək hüquq pozuntusudur


Kimsə ictimai yerdə aparılan çəkilişə müdaxilə edə bilməz

Hüquq müdafiəçiləri Rüfət Səfərov və Zaur Əkbərin Nərimanov Rayon Polis İdarəsinin ərazisində polislər tərəfindən şiddətə məruz qaldıqları barədə iddia əsassızdır. DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Trend-in sorğusuna cavab olaraq yayılan məlumatların əsassız olduğunu deyib. "Onlar Nərimanov Rayon Polis İdarəsinin ərazisində çəkiliş ediblər, onlara xəbərdarlıq edilib ki, çəkiliş etməsinlər. Orada heç kim döyülməyib, sadəcə deyiblər ki, çəkiliş aparmayın. Rüfət Səfərovla əlaqə saxladım, o da anlayışla qarşıladı. Çox təəssüf olsun ki, bəziləri sürücülərin bu hərəkətindən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər" -deyə E. Zahidov bildirib. 
Qeyd edək ki, bəzi məkanlarda video, foto çəkilişlərin qadağan edilməsi halları mövcuddur. Məsələn, metropoliten ərazisində çəkilişlərin qadağan olunduğunu bildirən xüsusi xəbərdarlıq elanları var. Eləcə də hərbi hissələr ərazisində və bu kimi digər yerlərdə. Bəs hansı ərazilərdə çəkiliş aparılması sərbəstdir və vətəndaşa müdaxilə edilməməlidir?
Hüquqşünas Ələsgər Məmmədli “Şərq”ə açıqlamasında ictimai yerlərdə çəkiliş aparılmasına heç bir qadağa olmadığını dedi: 
- Hüquq müdafiəçilərinin fəaliyyətinə mane olmağın özü müdaxilədir. Hüquq müdafiəçiləri ona görə mövcuddurlar ki, hüquqları pozulanları müdafiə etsinlər. Hüquq müdafiəçisinin fəaliyyətinə mane olmaq hüquq pozuntusudur. Çəkilişlərə gəlincə, çəkiliş aparılması qanunla  qadağan olunan yerlərdən savayı digər bütün ərazilərdə çəkiliş aparmaq sərbəstdir. Kimsə ictimai yerdə aparılan çəkilişə müdaxilə edə, çəkilişin dayandırılmasını tələb edə bilməz. Cəmiyyətdə ictimai diskussiya yaradan hadisə ilə bağlı çəkiliş aparmaq, cəmiyyəti məlumatlandırmaq qadağan deyil. Hüquq müdafiəçisinin və ya media mənsubunun harada çəkiliş aparması və ya informasiya verib-verməməsini DİN müəyyən etmir. Hüquq müdafiəçisi və ya jurnalistə də müdaxilə olmamalıdır.  Polis İdarəsinin ərazisi də ictimai yerdir. Əgər polis idarəsinin ərazisində “giriş qadağandır”, “çəkiliş aparmaq qadağandır” xəbərdarlığı yoxdursa, qanun orada çəkiliş aparılmasını qadağan etmir. İnzibati binanın qarşısında, ətraf ərazidə çəkiliş aparılmasının inzibati binanın daxilində aparılan fəaliyyətə aidiyyəti yoxdur.