"Qatilin dindirilmə prosesində mütləq psixoloqlar iştirak etməlidir"

Bu, maddi ehtiyac içində olan insanlarla hansı istiqamətdə iş aparılmasına kömək edə bilər

"Ehtimal edirəm ki, bu şəxs hadisəni törətməzdən əvvəl psixatrop maddə qəbul edib.  Çünki normal şərtlər altında insanın bu cür qəddarcasına qətl törətməsi mümkün deyil"

   İnsan hansı ruh halında olmalıdır ki, bir qadın və iki uşağı qətlə yetirsin? Nizami rayonu, R.Rüstəmov küçəsində bir qadın və azyaşlının kirayədə qaldıqları mənzildə faciəli qətli məhz bu sualı yaradır. Qətli törətməkdə şübhəli bilinən şəxs kimdir? Məktəb direktoru işləmiş birisi. Ali savadlı, təhsil sahəsində çalışmış adam. Doğrudur, insani keyfiyyətlər təhsilli, ya təhsilsiz olmaqla ölçülmür. Sadəcə, savadlı şəxsin, müəllimlik etmiş birisinin bu cür ağır cinayətə meyillənməsinə gətirib çıxaran səbəb mütləq araşdırılmalıdır. Yəqin ki, istintaq orqanları tərəfindən də araşdırılacaq.  Amma qadına, üstəlik azyaşlı uşaqlara da acımayan insanın psixoloji vəziyyəti tədqiqat tələb edir. 

Psixoloq Əfsanə Rüstəmova “Şərq”ə açıqlamasında hadisənin psixoloji tərəflərini izah etdi: 

- Cinayət törədən insanların psixoloji vəziyyəti fərqli olur.  Ehtiyac anında insan istənilən hərəkəti edə bilər, gözlənilməz davranış sərgiləyə bilər. Qətli törətməkdə şübhəli bilinən şəxsin qohumları, onu tanıyanlar bildirir ki, bu adamın külli miqdarda borcu olub. O, əvvəllər də qohumlardan pul istəyib. İnsanlar çətinə düşəndə pulu, köməyi uzaqda deyil, ilk növbədə ailə daxilində, yaxın qohumlarda axtarırlar. İnsan belə düşünür ki, qohumlar ona kömək etməlidir. Kömək  edilməyəndə isə aqressivləşirlər.  İnsanda aqressiya yaranır ki, niyə mənə kömək etmirlər?!  Mən düşünürəm ki, bu şəxs bəlkə bir neçə dəfə yaxın qohumlardan, baldızının ailəsindən yardım istəyib, əvvəlcə mülayim, xoşluqla, vəziyyətinin ağır olduğuna inandırmaq istəyərək, lakin ona kömək göstərilməyib. Bu da o insanın aqressivləşməsinə səbəb olub. Fikir verin, bildirilir ki, şəxs mənzilə zorla daxil olub. Onun mənzilə daxil olmasına müqavimət göstərilib. Buradan belə nəticə çıxarmaq olar ki, qətlə yetirilmiş qadın qohumunun pul istədiyini bilirmiş. Bəlkə əvvəlcə də ondan pul tələb edib, inkar cavabı alıb. Ona görə də bu dəfə mənzilə zorla daxil olmağa cəhd edib. Bilirsiniz, insan dara düşəndə istəyir ki, kimsə ona kömək əlini uzatsın. Və ən əsası da budur ki, belə halda insan başqalarının mütləq ona kömək etməli olduğunu düşünür. Halbuki insanların kömək göstərmək imkanları, sadəcə, belə bir arzuları, niyyətləri olmaya bilər. Yardıma ehtiyacı olan insanlarsa  aqressivləşir və bəzən, təəssüf ki, bu cür dəhşətli cinayətlərə meyillənirlər. Cinayət törətməkdə şübhəli bilinən insanın hansı peşə sahibi olmasının da heç bir fərqi yoxdur. Ehtiyac içində olan insan qərarları peşəsinə uyğun vermir, ehtiyac amilinə görə verir. Nüfuzlu, yaşadığı ərazidə az-çox tanınan insanlar üçün ehtiyac içində olmaq iki qat ağırdır. Çünki onlar bu haqda danışmırlar, ətrafdakıların ona aşağı nəzərlərlə baxmasını istəmirlər. Ehtiyaclarını, problemlərini gizlədir, yığılıb qalmış aqressiya isə sonda faciələrə səbəb olur. 

Psixoloq qeyd etdi ki, cinayətdə şübhəli bilinən şəxsin yayılmış ilkin fotosuna baxıldıqda onun o qədər də yüksək fiziki gücə malik insan olmadığı görünür:  

- İlk baxışda o, normal fiziki gücə malik insandır. 1 dəfəyə 3 nəfəri, həm də bıçaq zərbələri ilə qətlə yetirə bilmək üçün böyük fiziki güc və ya psixatrop maddə təsiri gərəkdir. Ehtimal edirəm ki, bu şəxs hadisəni törətməzdən əvvəl psixatrop maddə qəbul edib.  Çünki normal şərtlər altında insanın bu cür qəddarcasına qətl törətməsi mümkün deyil.  

Ə.Rüstəmova bu cür hadisələrin Azərbaycan mentalitetində xüsusi yeri və çəkisi olan qohumluq bağlarına zərbə vurduğunu da dedi: 

- Hesab edirəm ki, qətlə yetirilmiş qadının, uşaqların yaxın qohumları hadisə barədə təfərrüatlara varmamalıydılar. Çünki belə hadisələr çox mənfi president yaradır, qohumluq bağlarını zəiflədir. Həmçinin media da hadisənin təfərrüatlarını qabarıq şəkildə yayımlamamalıdır. Bu, həm insanların psixoloji durumuna mənfi təsir edir, həm də qətl hadisələrini bir növ adiləşdirir. Bu, təhlükəli tendensiyadır. 

Psixoloq cinayət törətməkdə şübhəli bilinən şəxsin psixoloji durumunun mütləq araşdırılmalı olduğunu da bildirdi: 

- Bildiyim qədər dindirilmə prosesində psixoloqlar iştirak edir, yəni etməlidir. Çünki bu şəxsin psixoloji durumu mütləq müəyyənləşməlidir. Bu, maddi ehtiyac içində olan insanlarla hansı istiqamətdə iş aparılmasına kömək edə bilər. Baş vermiş hadisə sübut edir ki, insanlar ehtiyac üzündən hansı hərəkətlərə əl ata bilər. Bunun qarşısı alınmalıdır. Bəzən insanlar 5-10 manata görə cinayət törədir, başqasının həyatına qəsd edir. İnsan həyatı bu qədər dəyərsiz olmamalıdır.