İki rayon ləğv edilir! – «Gec-tez regional idarəetməyə keçəcəyik»

Milli Məclisdə iki rayonun ləğv edilməsinə dair layihə müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri şəhərin İcra Hakimiyyətinin tabeliyinə verilir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Rayonların ləğv edilməsinin mahiyətini "Sherg.az"a açıqlayan Bələdiyyələrin Fəaliyyətinin Təbliği Birliyinin sədri Vüqar Tofiqli bildirib ki, rayonların ləğv edilməsini dəstəkləyir:

“Rayonların birləşdirilməsi regional idarəetmə siyasətinin əsasını təşkil etməlidir. İqtisadi zonalar üzrə  regional idarəetməyə keçid həm kifayət qədər büdcə vəsaitinin qənaətinə, həm də vətəndaş məmnunluğunun təmin edilməsinə öz təsirini göstərə bilər.

Biz gec-tez regional idarəetməyə keçəcəyik. Bu sistem artıq əksər dünya ölkələrində tətbiq edilir. Gəncədən sonra paytaxt Bakıda olan 12 rayon da ləğv edilməlidir. Ləğvdən sonra milyonlarla vəsaitin ayrılmasına ehtiyac olmayacaq.  Etiraf etməliyik ki, hazırda paytaxt rayonlarının elə də ciddi səlahiyyətləri qalmayıb.

İnsanlar hansı quruma müraciət edəcəyini bəzən anlaya bilmir. Amma regional idarəetmə yarandığı halda yerli idarəetmə bələdiyyələrə verilmiş olacaq. Bu da öz növbəsində əks-mərkəzləşməyə doğru addım kimi qəbul ediləcək.

 Bələdiyyələrə səlahiyyətin verilməsi əslində vətəndaşın üzərinə məsuliyyət yükünün qoyulması kimi başa düşülməlidir. Bu həm də vətəndaş məmnunluğunun artırılması deməkdir.”

Xanlar ƏLİBƏY