UNICEF-in hesabatına görə, 21 ölkədə 12-17 yaşlı təxminən 30 milyon uşaq bir il ərzində texnologiya vasitəsilə cinsi istismar və zorakılığa məruz qalıb. Bu halların bir qismində süni intellektlə yaradılan saxta görüntülər şantaj vasitəsinə çevrilib.
Sherg.az xəbər verir ki, hesabatda 15 milyondan çox uşağın istəmədən seksual məzmuna məruz qaldığı, 9 milyonundan isə cinsi məzmunlu yazışma və görüntülər tələb edildiyi bildirilir. Dörd milyon uşağın intim görüntüləri razılığı olmadan paylaşılıb.
Araşdırmaya əsasən, hadisələrin təxminən 60 faizi sosial şəbəkələrdə, 14 faizi isə onlayn oyunlarda baş verib. İstismar hallarının 57 faizində təqsirkar uşağın əvvəldən tanıdığı şəxs olub.
Türkiyəli professor Galip Yüksel bildirib ki, süni intellekt heç vaxt fotoşəkil göndərməmiş uşağın üzünü başqa bədənə yerləşdirməklə saxta görüntülər yarada və şantajı asanlaşdıra bilər. Onun sözlərinə görə, görüntü saxta olsa da, uşağın yaşadığı utanc və psixoloji sarsıntı gerçəkdir.
Yüksel əlavə edib ki, uşaqların 41 faizi yaşadıqları istismar barədə heç kimə danışmır. Onlar günahlandırılmaqdan, yaxud telefonlarının əllərindən alınmasından qorxurlar.