Hər yerə məktub yazıblar

Bakının ortasında qovaq ağacı sakinlər üçün real təhlükə yaradır

   Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 1. ünvandakı evin qarşısında 2 ədəd qovaq ağacı sakinlər üçün real təhlükə yaradır. Bu barədə həmin ünvanda yaşayan sakin Behbud Quliyev “Şərq”ə telefon açaraq bildirib. B.Quliyev deyib ki, demək olar həyətin ortasında, köhnə tikili olan evin damına bitişik boy atmış qovaq ağacları uzun müddətdir ki, quruyub və hazırda ortadan ikiyə bölünmüş haldadır. Ağaclar kökündən getdikcə aralandığından evin damına və divarlara basqı edir, nəticədə divarlarda əmələ gələn çatlar getdikcə genişlənir. 

Sakin vəziyyətlə bağlı dəfələrlə əlaqədar qurumlara məktubla müraciət etdiklərini də deyib. Bildirib ki, Yasamal Rayon İcra Hakimiyyətinə ünvanladığı məktub Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Birliyinə göndərilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi daxil olmuş müraciət əsasında yerində baxış keçirib. Ekspertizanın rəyi bu olub ki, ağaclar budanaraq təhlükəsiz hala gətirilməlidir. Agentliyin rəyinin surəti Yaşıllaşdırma İdarəsinə və vətəndaşa da göndərilib. 

Lakin problem həllini tapmır. Ağaclar təhlükə mənbəyi olaraq qalır. Aidiyyəti qurum budanma işiylə məşğul olmur. B.Quliyev redaksiyaya telefon zəngində “gözləyirlər ki, ağaclar kiminsə başına düşsün, evi uçursun, sonra gəlib budasınlar?!”, deyərək narazılığını bildirdi. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Şərq”ə açıqlamasında bildirdi ki, məsələ ilə bağlı nazirliyin Dövlət Ekoloji Ekspertiza Agentliyinə məlumat veriləcək, problem yerində həll ediləcək.