Fərid Səfərlinin azadlığa qovuşması İranın "müsbət" imici üçün yetərli deyil

“18 yanvar tarixində Fərid Azərbaycana təhvil verilib. ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir. Bu məsələnin 23 aya bitməsini böyük bir uğur kimi qiymətləndirirəm. Həm DTX əməkdaşlarının Fərid ilə danışığına, həm də Tehrandakı səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll edilməsində ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub, buna görə də cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.
Bu sözləri bir neçə gün əvvəl İrandan təhvil alınaraq  ölkəmizə gətirilən Fərid Səfərlinin anası Dilarə Əsgərova sosial şəbəkə hesabında paylaşıb. Sosial şəbəkələrdə Fəridin azadlığa buraxılmasına don geyindirən bir qrup şəxs isə “bəxti gətirib ki, qonşu ölkədə həbs edilib. İran hörmət edib qardaşlığa görə azad edib” kimi şərhlər yazıb. 
Sosial şəbəkələrdə xarici dairələr tərəfindən idarə olunan trol ordusunun kütləvi paylaşımları ölkə ictimaiyyətində qıcıq doğurub. Siyasi ekspertlər bu yanaşmaların xarici maraqların fəaliyyətini özündə ehtiva etdiyini qeyd ediblər. 
Millət vəkili Elçin Mirzəbəyli də bildirib ki, Azərbaycan dövləti harada olmasından asılı olmayaraq öz vətəndaşlarının arxasındadır və daim onların hüquqlarını müdafiə edir: “Şübhəsiz ki, Fəridin İrandan gətirilməsi dövlətimizin növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir. Həm dövlətimizə qarşı ağır cinayətlər törədən insanların ölkəmizə gətirilərək ədalət məhkəməsi qarşısında ittiham edilməsi, həm də başqa ölkələrdə hüquqları pozulan Azərbaycan vətəndaşlarının prinsipial olaraq müdafiə edilməsi və onların azadlığa buraxılması dövlətimizin gücündən, diplomatik manevr imkanlarından və qətiyyətli mövqeyindən xəbər verir. Dövlət qurumlarının da rəsmi məlumatında deyildiyi kimi, bu proses qarşılıqlı prosedur çərçivəsində həyata keçirilib”. 
Azərbaycan Həmrəylik Komitəsinin sədri, politoloq Əlisahib Hüseynov isə “Sherg.az”ə açıqlamasında deyib ki, 2023-cü il fevralın 20-də İrana səfərə gedən və orada qanunsuz əsaslarla həbs edilən Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin dövlətimizin səyləri nəticəsində azadlığa buraxılması və vətənə qaytarılmasının molla rejiminin trolları tərəfindən ajiotajla qarşılanması təəccüblü deyil. Onların bu hadisədən əlverişli bir fürsət kimi yararlanmaq cəhdləri göz qabağındadır.
Politoloqun sözlərinə görə, trollar Fəridin 2 illik həbsdən sonra Azərbaycana təhvil verilməsi faktından İranın ölkəmizdəki sarsılmış nüfuzunu bərpa etmək, molla rejiminin guya yaxın qonşuluq siyasəti yürütdüyü fikrini formalaşdırmaq üçün bir vasitə kimi istifadə etməyə çalışırlar: “Sosial şəbəkələrdə son günlər birdən-birə kütləvi paylaşımları ilə, şablon rəyləri ilə xüsusi aktivlik göstərən çoxsaylı "trol ordusu"nun Fərid Səfərlinin azadlığa buraxılmasını utanmadan məhz İran hakimiyyətinin humanistliyinin, rəhimliliyinin nəticəsi kimi təqdim etməsi də bu fikrimizi təsdiqləyir. Saxta profillər vasitəsilə sosial şəbəkələrdə çəyirtkə sürüsü kimi hücuma keçən bu trollar onu da iddia edirlər ki, guya, Fərid Səfərli "İran əleyhinə casusluq edib, lakin buna baxmayaraq, saxlanıldığı ölkədə ona xoş münasibət göstərilib və həmçinin, layiq olmadığı halda Azərbaycana qaytarılıb”. Onların xain düşüncələrinə görə, rəsmi Tehran Fərid Səfərlini buraxmaq əvəzinə, 8-10 il müddətinə həbsdə saxlaya və ya ona ölüm cəzası da verə bilərmiş, ancaq "humanizm nümayiş etdirərək onu azadlığa buraxıb". 
Sözsüz ki, sosial şəbəkələrin Azərbaycan seqmentində "lövbər" salaraq ölkəmizə qarşı ideoloji hücuma keçən və İranın "müsbət" imicini yaratmağa cəhd göstərən simasız trolların, İran aşiqlərinin bu cür şərhləri və iddiaları reallığı əks etdirmir. Onların iddiaları həqiqətləri ört-basdır etməyə hesablanıb. Çünki trolların "rəhmli, humanist, insanpərvər" ölkə kimi təqdim etməyə çalışdıqları İran "İslam" Respublikasının molla hakimiyyəti və hüquq-mühafizə orqanları əsl həqiqətdə Fərid Səfərliyə qarşı həm istintaq zamanı, həm də həbs dövründə olduqca rəhmsiz, qeyri-humanist və qeyri-insani tərzdə davranıblar. Bunu Fəridin anası Dilarə Əsgərovanın mətbuata verdiyi açıqlaması da təsdiqləyir.

Dilarə Əsgərovanın sözlərinə görə, oğlunun başına gətirilənlər haqqında, bəlkə də, bir kitab yazmaq olar: 

“Onu heç bir aidiyyəti olmayan mövzularla saatlarca dindirməklə mənəvi əzab veriblər, casusluqda təqsirləndiriblər. SEPAH Fəridin istintaqını apararkən oğlu ilk 51 günü kiçik bir otaqda tək-tənha saxlanılıb, asılmaq təhlükəsi ilə yaşayıb, dəhşətli hisslər keçirib. Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb. Ürəyi arzularla dolu bir gənci həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir.
Bax, budur, İranı idarə edən mollaların və SEPAH-ın dırnaqarası "rəhimliliyi, humanistliyi" bundan ibarətdir. Trollar molla rejiminin bizim vətəndaşımıza qarşı qəddarlığını bu cür mənəviyyatsız, saxtakar şərhlərlə malalamağa çalışırlar. Ancaq onlar belə şərhləri ilə Azərbaycan xalqının gözündə nə qədər gülünc və miskin göründüklərini də bilməlidirlər. Həqiqətləri təhrif etmək insanlığa, müsəlmanlığa yaraşan hərəkət deyil. Fərid Səfərli ilə bağlı real həqiqət isə ondan ibarətdir ki, o, məhz Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də qonşu ölkədən təhvil alınaraq vətənə qaytarılıb”.

Politoloqun sözlərinə görə, Fərid Səfərli müəyyən xarici dairələr tərəfindən idarə olunan trol ordusunun iddia etdiyi kimi Tehranın "rəhimli, mərhəmətli" siyasətinin nəticəsi kimi deyil, Azərbaycanın öz vətəndaşına verdiyi yüksək dəyərdən irəli gələrək qarşılıqlı prosedur çərçivəsində, mübadilə nəticəsində qaytarılıb: 

"Trolların indiyə qədər misli görünməmiş səviyyədə aktivlik nümayiş etdirmələri isə həmişəki kimi nəticəsiz qalmaqla yanaşı, həm də onların deşifrə edilməsi, ifşa olunmaları üçün də əlavə imkan yaratdı. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və digər xüsusi xidmət orqanlarımızın səmərəli fəaliyyəti bu cür anti-Azərbaycan qüvvələrin məkrli addımlarının qarşısının alınması və neytrallaşdırılmasında önəmli rol oynayacaq. Cənub qonşumuzun trol ordusunun ümidinə qalması molla rejiminin acizliyini göstərir".