Azərbaycan dünyada siqaret istehlakında ikinci ola bilər
Tütünə qarşı mübarizə sərtləşməlidir, qlo, qəlyan və elektron siqaretlərə qadağa qoyulmalıdır
Milli Məclis Azərbaycanda "Elektron siqaretlərin qadağan olunması haqqında" qanun layihəsini müzakirə edib. Layihəyə əsasən, maye halda buxarlanmadan qaynaqlanan elektron siqaretlərin ölkədə idxalı, istehsalı, satışı və istifadəsi qadağan edilir. Bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna yeni maddə əlavə edilməsi təklif olunur.
Təklif edilən dəyişikliklər Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Belə ki, "Tütün və tütün məmulatı haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında "tütün məmulatı" anlayışı dəqiqləşdirilir (nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir), həmçinin "qızdırılan tütün məmulatı" və "elektron siqaret" anlayışları daxil edilir. Beləliklə, nikotin tərkibli elektron siqaretlər dövriyyəsi qadağan edilməklə tütün məmulatı kimi təsnif edilir.
Milli Məclisin bu layihəni müzakirəyə çıxarması təsadüfi deyil. Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elektron siqaretdən istifadə ilə bağlı qlobal hesabat yayımlayıb. Hesabata görə, hazırda dünyada 100 milyondan çox insan elektron siqaretdən istifadə edir və onların ən azı 15 milyonu 13-15 yaşlı yeniyetmələrdir. ÜST qeyd edib ki, bunun istehsalı və satışı ilə məşğul olanlar sosial media və ictimai fikrə təsir göstərən şəxslər vasitəsilə daha çox uşaqları hədəf alır. Bu səbəbdən parlamentdə elektron siqaretlərin reklamının da qadağan edilməsi təklif olunub.
Ekspertlər də qeyd ediblər ki, elektron siqaretlərin ənənəvi siqaretlərə nisbətən “daha az zərərli” olduğu barədə iddialar tam sübut olunmayıb. Bu qeyri-müəyyənlik və ictimai sağlamlıq üçün potensial risklər səbəbindən bir çox ölkələr sərt qadağalar və məhdudiyyətlər tətbiq etməyi üstün tuturlar.
Onu da deyək ki, bir sıra ölkələrdə elektron siqaretlər tam qadağan edilib – onların istehsalı, idxalı, satışı və istifadəsi qanunsuz sayılır. Bu ölkələrə Hindistan, Tayland, Sinqapur, Braziliya, Argentina, Meksika, Kamboca, Nepal, Qətər, İordaniya və Livan daxildir. Eyni zamanda, bəzi dövlətlər qismən qadağalar və ya məhdudiyyətlər tətbiq ediblər. Məsələn, Türkiyədə elektron siqaretlərin satışı rəsmi olaraq qadağandır. Avstraliyada belə məhsulları yalnız həkim resepti ilə almaq mümkündür, Yaponiyada isə nikotin tərkibli elektron siqaretlərin satışı qadağan edilib. Norveç, Finlandiya və Macarıstanda elektron siqaretlərin satışı, reklamı və istifadəsi ciddi nəzarət altındadır.
Azərbaycanın beynəlxalq tütünə qarşı mübarizə konvensiyalarına qoşulduğunu xatırladan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında bildirib ki, mövcud qanuni tələblərə baxmayaraq, Azərbaycanda hələ də siqaretlərin satışı tam dayandırılmayıb: 
“Bu da Azərbaycanda tütün məhsullarına maraq və tələbatın hələ də yüksək olduğunu deməyə əsas verir. Ölkəmiz tütün istehlakı üzrə dünyada Türkiyədən sonra ikinci yerdə ola bilər. Türkiyədə olduğu kimi, Azərbaycanda da qadınlar arasında siqaret çəkənlərin sayı sürətlə artır. Belə bir vəziyyətdə bazara elektron siqaret və qəlyan kimi alternativ vasitələr də daxil olub. Bəzi istehsalçılar elektron siqareti siqareti tərgitmək üçün təqdim etsələr də, əslində, bunlar da zərərlidir. Hesab edirəm ki, elektron siqaretlər və qlo tipli cihazlar da qanunla məhdudlaşdırılmalıdır. Tütün yeganə məhsuldur ki, bütün dünyada birmənalı şəkildə zərərli hesab olunur. Bu, həm sağlamlığa, həm də ictimai mənfəətə ziyan vuran bir vərdişdir. Azad İstehlakçılar Birliyi uzun illər ərzində çalışaraq, xüsusilə filtersiz və zərərli siqaret istehsal edən dörd fabrikin bağlanmasına nail olub. Sovet dövründən bəri Azərbaycanda filtersiz siqaretlərin istehsalı mövcud idi və həmin müəssisələrin bağlanması vacib addım idi”.
Ekspert əlavə edib ki, hazırda ölkədə böyük miqdarda qaçaqmal elektron siqaret və siqaret mövcuddur: “2017-ci ildə beynəlxalq təşkilatın apardığı araşdırmaya görə, Azərbaycan yalnız qaçaqmal siqaretdən büdcəyə 20 milyon dollar itki edib. Qaçaqmal məhsulların mənşəyi məlum olmadığı üçün onlar daha təhlükəli hesab olunur. Azad İstehlakçılar Birliyi bu sahədə tədqiqatlar apararaq qaçaqmal elektron siqaretlərin qarşısını almağa çalışır və biz də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Elektron siqaret, qlo və qəlyanların satışının məhdudlaşdırılması zəruridir. Həmçinin onların qiymətinin artırılması və əlçatanlığının azaldılması xüsusilə gənclərin bu zərərli vərdişlərə yönəlməsinin qarşısını almağa xidmət edəcək”.