"Siqaret asılılığının cinayət törətməklə birbaşa əlaqəsi olmasa da dolayı təsirləri tamamlayıcı amil kimi götürülə bilər"
Türkiyə Böyük Millət Məclisinin Cinayətə Sürüklənən Uşaqların Araşdırılması Komissiyası tərəfindən hazırlanan və 800 səhifədən çox olan geniş hesabatda uşaqların cinayətə meyillənməsinə səbəb olan amillər və onların qarşısının alınması yolları əksini tapıb.
Komissiyanın Türkiyə üzrə 70 Uşaq Təhsil Evi və Qapalı Uşaq İslah Müəssisəsində yerləşdirilən 4 min 989 uşaq arasında apardığı araşdırma narahatedici mənzərə ortaya qoyub. Nəticələrə görə, 12-17 yaş qrupuna aid cinayətə sürüklənən uşaqların 83,4 faizi siqaret çəkir, 47,3 faizi alkoqoldan istifadə edir, 52,9 faizi isə narkotik və ya psixotrop maddələr qəbul edir. Hesabatda qeyd olunur ki, ailədaxili problemlər, sosial mühit, asılılıqlar və nəzarətsiz rəqəmsal platformalar uşaqların cinayətə yönəlməsində əsas risk faktorları sırasındadır. Hesab edilir ki, onlayn qumar, qeyri-qanuni mərc oyunları, narkotik istifadəsini təşviq edən məzmunlar və rəqəmsal zorakılıqla mübarizə məqsədilə xüsusi monitorinq, erkən xəbərdarlıq və operativ müdaxilə sistemlərinin qurulması vacidbir.
Siqaret çəkən uşaqlar, yeniyetmələr potensial cinayətkar hesab edilməlidirmi?
Sosioloq Naib Niftəliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, siqaret çəkənlərə potensial cinayətkar kimi baxmaq, əlbəttə yanlış yanaşmadır. Siqaret bəzən cinayətə sürükləyirsə, bəzən cinayətin önünü kəsir. Əsəbi, stresli halda olan adam bir siqaret alışdırmaqla hisslərni cilovlaya bilir. Təbii ki, bu, sağlam yol deyil, psixiatriya vasitəsi kimi ziyanlıdır. Yeniyetmələrə gəlincə:

- Siqaret asılılığının cinayət törətməklə birbaşa əlaqəsi olmasa da dolayı təsirləri tamamlayıcı amil kimi götürülə bilər. Siqaret çəkənlərin belə bir xüsusiyyəti var ki, xüsusən də bu oğlan uşaqlarında özünü göstərir, onlar siqaretdən istifadəni “böyümək”, “özünütəsdiq”, “kişilik” əlaməti kimi qəbul edirlər. Yeniyetmə siqaret çəkirsə, hesab edir ki, artıq böyüyüb, kişiləşib, “müstəqildir” və sairə. Bu, oğlan uşaqlarında aldadıcı özünəgüvən formalaşdırır. Sosial hüquqi baxımdan, dinamika nisbətində götürdükdə erkən yaşlarda siqaret çəkmək birbaşa cinayətə səbəb olmur. Burada birbaşa əlaqə yoxdur. Amma normadan kənar və riskli davranışlarla birbaşa əlaqəlidir. Siqaret çəkməyə uşaq yaşlarından yaranan meyllilik, yeniyetmələrin məktəbdən yayınmasına, mənfi sosisal təsirlərə qoşulmasına və sonrakı asılılıq yaradan digər hallara – narkotik istifadəsi, spirtli içki qəbulu və cinayət əməli kimi ictimai təhlükəli əməllərə yol aça bilir. Hansısa əməlinə görə yeniyetmə cəzaçəkmə müəssisəsinə yerləşdirilibsə, zərərli vərdişlərə şərait yaradılmasına imkan verilməməlidir. Nəzarət mexanizmi güclüdürsə, cinayətə yönəlmiş rəftarların qarşısını almaq mümkündür. Siqaretə aludəlik müəyyən yaş qruplarında özünü göstərir. Müəyyən çevrədə insanlar zərərli davranışlara meyl edə bilir. Siqaret kimlər üçünsə cinayətin mənbəyi, kimlər üçünsə cinayətdən xilas yoludur, insanlar gərgin stressli olduqda uzaqlaşmaq vasitəsi olur. Əsəbiləşir, siqaret yandırır və söhbət əsnasında hansısa mübahisəli məsələni həll edirlər. Amma bu, psixoterapiya vasitəsi kimi ziyanlıdır, sağlam doğru yol deyil. Məsələ həm də bundadır ki, prosesin dəyərə çevrilməsi həmin insanların cəmiyyətə reinteqrasiyası və sosial inteqrasiyası baxımından problem yarada bilər. Siqareti cinayətin mütləq səbəb kimi götürmək olmaz. Mümkün əlaqə gözlənilən risklərin reallaşma ehtimalından ibarətdir. Bunun qarşısı almaq üçün sosial davranış riskləri aradan qaldırılmalıdır. Ailə bağlarının güclənməsi, məktəb mühiti, asudə vaxtın səmərəli təşkili olmalıdır. Bu məsələlər kompleks yanaşma tələb edir. Müəyyən preventiv tədbirlər yeniyetmə cinayətlərinin sayını əhəmiyyətli dərəcədə azalda bilər. Məsələn, ölkəmizdə 18 yaşınadək şəxslərə siqaret satılması qanunla qadağandır. Daha yaxşı olar ki, bununla kifayətlənməyərək dünya təcrübəsi əsasında təkmilləşdirilmə aparılsın.