ABŞ və Çini supergüc edən əsas səbəb açıqlandı - “Cavab sadədir”

  • “Əhali sayı vacib faktordur” - deyə hüquqşünas səbəbini açıqladı

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında dünyada iki supergücün – ABŞ və Çin olduğunu bildirdi və qeyd etdi ki, Azərbaycan hər iki qlobal güclü dövlətlə strateji tərəfdaşlıq münasibətləri qurub. 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquqşünas Sahib Məmmədov ABŞ və Çini supergüc edən amil barədə danışıb. Sherg.az-a açıqlamasında hüquqşünas qeyd etdi ki, ABŞ və Çinin niyə dünyanın iki supergücü hesab edilməsinin səbəbi var: 

- Cavab sadədir. Beynəlxalq Valyuta Fondunun göstəricilərinə görə ABŞ üzrə nominal ÜDM 32,38 trilyon, Çin üzrə 20,85 trilyon dollar təşkil edir. Üçüncü yerdə gələn Almaniya 5,45 trilyon. Hindistan 4,15 trliyonla sıralamada 6-cı, Rusiya 2,66 trlyonla 9-cu yerdədir. Adambaşına düşən ÜDM-də sıralama başqadır, amma birinci yerdə yenə də ABŞ-dır. 

ABŞ ümumi nominal ÜDM üzrə dünyanın ən böyük iqtisadiyyatına sahib olması, lakin nominal ÜDM-in adambaşına hesablanmış göstəricisinə görə dünya lideri olmaması, bu göstərici üzrə kiçik, yüksək gəlirli ölkələr, o cümlədən Lixtenşteyn və Lüksemburqun ABŞ-ni xeyli önləməsi, ABŞ-nin təxminən 94 min dollar/adambaşına göstərici ilə yüksək mövqe tutsa da, ilk üçlüyə daxil olmamasına gəlincə, S.Məmmədov belə izah etdi: 

- Nəzərə alaq ABŞ əhalisi 330 milyondur. Lixtenşteyn əhalisi isə 40 000, Norveç 4 milyondan bir az çox. Əhali sayı vacib faktordur.