Ermənistan itkin düşənlər üçün vahid reyestr yaratmağı təklif edir

Ermənistan Milli Təhlükəsizlik Xidməti hərbi əməliyyatlar zamanı itkin düşən şəxslər üçün vahid reyestrin yaradılmasını təklif edib.

Sherg.az xəbər verir ki, layihə Ermənistanın hüquqi aktların vahid internet saytında dərc olunub. Sənəddə bildirilir ki, hazırda hərbi əməliyyatlar nəticəsində itkin düşən şəxslərlə bağlı vahid məlumat bazası və dövlət qurumları ilə fiziki şəxslər arasında məlumat mübadiləsi mexanizmi mövcud deyil.

Reyestrin Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən aparılması nəzərdə tutulur. Qurum məlumatların toplanması, emalı, qorunması və yayılmasına cavabdeh olacaq.

Rəsmi məlumatlara görə, 3 mart 2026-cı il tarixinə Ermənistanda 195 itkin şəxs qeydə alınıb. Onlardan 175-i hərbçi, qalanları isə mülki şəxslərdir.