Uşaqların sevdiyi stres oyuncaqlarının gizli təhlükəsi - Mütəxəssis səbəbini açıqladı

Son dövrlərdə uşaqlar arasında “Squishy” kimi tanınan yumşaq və sıxıldıqda formasını dəyişən stres oyuncaqlarına maraq xeyli artıb. Rəngarəng görünüşü, müxtəlif formalarda olması və əllə sıxılmasının uşaqlarda maraq yaratması bu məhsulların geniş yayılmasına səbəb olub. Azərbaycanda da belə oyuncaqlara demək olar ki, bütün oyuncaq mağazalarında və müxtəlif satış platformalarında rast gəlmək mümkündür.

Lakin uşaqlar üçün əyləncəli və zərərsiz görünən bu məhsulların təhlükəsizliyi ilə bağlı suallar da zaman-zaman gündəmə gəlir. Xatırladaq ki, bu yaxınlarda Türkiyədə baş verən son hadisə isə valideynlərin diqqətini bir daha bu məsələyə yönəldib. 11 yaşlı Furkan Seçkinin əlində stres oyuncağının partlaması nəticəsində uşağın əli 2-ci dərəcəli yanıq alıb.

 Qeyd edək ki, “Squishy”lər yalnız sıxılmaqla kifayətlənmir, uşaqlar onları soyuducuya və ya dondurucuya qoyur, dartır, deşir, bəzən də müxtəlif formada dəyişdirməyə çalışırlar. Məhsulun belə istifadəyə davamlı olub-olmaması isə ayrıca təhlükəsizlik məsələsidir.

Bu baxımdan Ankarada baş verən hadisə Azərbaycanda da valideynlər, satıcılar və aidiyyəti qurumlar üçün xəbərdarlıq siqnalı sayıla bilər. Uşaqlar arasında populyarlaşan hər bir oyuncaq yalnız əyləncə vasitəsi kimi deyil, həm də uşaq sağlamlığı və təhlükəsizliyi baxımından qiymətləndirilməlidir.

Sherg.az xəbər verir ki, sağlam qidalanma üzrə mütəxəssis Esin Alpman uşaqlar arasında populyar olan “squishy” və stress toplarının təhlükəsizliyi ilə bağlı diqqətçəkən məqamlara toxunub. Onun sözlərinə görə, zahirən sadə və zərərsiz görünən bu oyuncaqların keyfiyyəti, tərkibi və təhlükəsizlik standartlarına uyğunluğu xüsusilə nəzərə alınmalıdır:

“Bu tip oyuncaqlar uşaqların incə motor bacarıqlarının inkişafına və emosional rahatlamasına kömək edə bilər. Lakin nəzarətsiz və keyfiyyətsiz istehsal olunan məhsullar müəyyən risklər yarada bilər. Xüsusilə oyuncağın içərisində gel və ya kimyəvi tərkibli maddə varsa, məhsulun cırılması, partlaması və ya zədələnməsi zamanı həmin maddənin dəri ilə təması qıcıqlanmaya və daha ciddi xəsarətlərə səbəb ola bilər. Bu səbəbdən valideynlər oyuncaq alarkən yalnız onun görünüşünə və uşağın marağına diqqət etməməlidirlər. Məhsulun üzərində istehsalçı və idxalçı barədə məlumatların, istifadə qaydalarının, yaş məhdudiyyətinin və təhlükəsizlik xəbərdarlıqlarının olub-olmamasını yoxlamaq vacibdir. Xüsusilə uşaqlar bu oyuncaqları soyuducuya və ya dondurucuya qoyduqda, dartdıqda, deşdikdə və ya formasını dəyişdirməyə çalışdıqda məhsulun zədələnmə riski arta bilər. Ona görə də oyuncaq üzərində belə istifadə ilə bağlı xəbərdarlıq varsa, buna mütləq əməl edilməlidir”.

Mütəxəssis valideynlər həmçinin məhsulun üzərində CE kimi uyğunluq nişanlarının, istehsalçı məlumatlarının və təhlükəsizlik standartlarına dair məlumatların olmasına diqqət yetirməlidirlər:

“Amma yalnız hər hansı bir işarənin olması məhsulun tam təhlükəsizliyinə avtomatik zəmanət vermir. Əsas məsələ məhsulun etibarlı istehsalçıdan və rəsmi satış kanalından alınmasıdır. Ankarada 11 yaşlı uşağın belə bir oyuncaqdan istifadə zamanı əlindən xəsarət alması da valideynlər üçün ciddi xəbərdarlıqdır. Bu cür hadisələr uşaqlar arasında populyar olan oyuncaqların təhlükəsizliyinin və satışa çıxarılmadan əvvəl keyfiyyət nəzarətinin nə qədər vacib olduğunu göstərir. Əgər oyuncaqda cırılma, şişmə, sızma, kəskin qoxu və ya digər qeyri-adi dəyişiklik müşahidə olunursa, uşaq həmin məhsuldan istifadə etməməlidir. Dəriyə naməlum maddə töküldükdə isə onu əl ilə yaymaq olmaz və xüsusilə yanıq əlamətləri varsa, tibbi yardım üçün həkimə müraciət edilməlidir”.