Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan həlak oldu

“Qara dənizin neytral sularında qarğıdalı daşıyan Türkiyəyə məxsus mülki gəmiyə iki Rusiya dronu ilə dəhşətli zərbə endirilib”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Gəmidə Azərbaycan və Hindistan vətəndaşları olub. Təəssüf ki, gəminin kapitanı həlak olub. Başsağlığı verirəm. Daha bir nəfərin taleyi müəyyənləşdirilir. Ekipajın 11 üzvünü xilas etmək mümkün olub, onlardan biri yaralanıb”, - o bildirib.

Zelenski qeyd edib ki, Ukrayna dəfələrlə gərginliyin azaldılması və Qara dənizdə təhlükəsizliyin təmin edilməsi üçün konkret addımlar təklif edib:

“Üçüncü ölkələr tərəfindən də müvafiq təkliflər irəli sürülüb. Amma Rusiya normal addımlar əvəzinə ardıcıl olaraq terroru və mülki gəmilərin batırılmasını seçir. Qlobal ərzaq təhlükəsizliyini bərpa etmək üçün təzyiq göstərilməlidir. Bunda həqiqətən maraqlı olan hər kəs kömək etməlidir”.